Kiyevə yeni raket hücumları: Əhali işıqsız, istiliksiz və susuz qalıb

  • 09:10 - 06 Dekabr

Bazar ertəsi Ukraynanın milyonlarla sakini, o cümlədən Kiyev şəhəri yeni silsilə raket hücumlarından sonra işıqsız və susuz qalıb. 

Avropa.info xəbər verir ki, BMT-nin sözçüsü Stefan Düjarrikin sözlərinə görə, su stansiyaları enerjisiz işləmədiyi üçün Odessada elektrik xətlərinin zədələnməsi səbəbindən suyun verilməsi dayandırılıb. Orada, eləcə də Dneprdə istilik sistemi də zədələnib. Bundan əlavə, Kiyev vilayətinin təxminən 40 faizi işıqsız qalıb. 

“Humanitar həmkarlarımız qeyd edirlər ki, hücumlar Ukraynanın enerji sisteminə əlavə ziyan vurub, bir vaxtda ölkənin böyük hissəsini şaxta vurub, Kiyevdə havanın temperaturu mənfi səkkiz dərəcəyə enib”, - Düjarrik bildirib. 

O vurğulayıb ki, enerji sisteminə qarşı davam edən hücumlar milyonlarla mülki əhalinin, xüsusən də cəbhəyanı ərazilərdə vəziyyəti daha da gərginləşdirir. Qarşıdan gələn soyuq hava fonunda insanlar işıqsız, istiliksiz və susuz qalıb. 

Humanitar təşkilatlar böhran zamanı əhalinin sığınacaq tapa biləcəyi xəstəxanalara və istilik məntəqələrinə generatorlar verməklə Ukrayna hakimiyyətinə dəstəyini davam etdirir. 

“Biz artıq 400 generator tədarük etmişik və daha çoxu tezliklə gələcək. Biz həmçinin 630 min insanı isti paltar, istilik cihazları və binaların təmiri üçün materiallarla təmin etdik”, - Düjarrik bildirib. 

Bu günlərdə daha on yük maşınının lazımi əşyalarla gəldiyi Xerson əhalisinə yardımın göstərilməsi istiqamətində də işlər davam etdirilir. Şəhərin tibb müəssisələri üç ay ərzində 20.000 xəstəyə xidmət etmək üçün kifayət edəcək materiallar təqdim etdi. 6 min nəfərə gigiyena dəstləri, daha 1500 ailəyə isə adyal, yataq kisəsi, döşək və digər əşyalar verilib. 

Ümumdünya Ərzaq Proqramının (ÜƏP) əməkdaşları ən çətin şərtlərə baxmayaraq, təkcə noyabr ayında 2,8 milyon ukraynalıya nağd pul da daxil olmaqla yardım göstəriblər. Dekabr ayında ÜƏP Ukraynada, o cümlədən müharibədən ən çox zərər çəkmiş ərazilərdə fəaliyyətini davam etdirəcək. Ümumilikdə fevral ayından ÜƏP ukraynalılara 137 min ton ərzaq çatdırıb.


Oxunma sayı: 1783

Oxşar yazılar