Federasiya prezidenti 16 yaşlı cüdoçunun qətlindən danışdı

  • 12:20 - 05 Dekabr

“Biz idman ictimaiyyətinin məsul nümayəndələri olaraq daim idmançılarımıza qanunlarımıza hörmət və riayət etməyi, cəmiyyətdə, insanlarla münasibətdə etik davranış qaydalarına əməl etməyi, təmkinli, düşüncəli və tərbiyəli olmağı aşılayır, uşaqlarımızı da belə böyüdürük”.

Bu sözləri globalinfo.az-a açıqlamasında Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında 16 yaşlı cüdoçu Turan Rüstəmovun qətli ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda idman infrastrukturu yetərincə yüksək inkişaf dinamikasına sahibdir:

“Dövlətimiz, cəmiyyətimiz və idman ictimaiyyəti gənclərimizin yalnız fiziki deyil, eyni zamanda intellektual səviyyəsinin yüksəlməsi, savadlı gənclərin yetişdirilməsi istiqamətində çox böyük işlər görür. Təəssüflər olsun ki, insanlar arasında bəzən idmançıların aqressiv, davakar olması kimi yanlış fikirlər irəli sürülür. Bəzi valideynlər isə sırf bu səbəbdən övladlarını idmandan uzaq tuturlar. Əgər haradasa kimsə fərd olaraq yanlış edibsə, düzgün olmayan davranış sərgiləyibsə, bunu bütün idmançılara şamil etmək olmaz. Necə ki, digər hər hansı peşə sahibləri arasında da yanlış davranış və ya aqressiya göstərən insanlar ola bilir, idman sahəsində də həmçinin. Amma deyərdim ki, bu hallar, bəlkə də, elə ən az bu sahədə baş verir. İdman insanın yalnız fiziki deyil, eyni zamanda mənəvi gücünü də balansda saxlayır. Müasir dünyada “yaşam koçu” adlandırdığımız insanların, psixoloqların insanlara əsas məsləhətləri sırasında idmanla məşğul olmaq dayanır. İdman insanın fiziki gücü ilə bərabər əhvalını qaldırır, müsbətə kökləyir, məqsədyönlülüyə motivasiya edir, özgüvənini artırır. Özgüvəni yerində olan biri isə heç zaman başqasına zərər vermək istəməz, aşağılamaz, aqressiv davranmaz”.

A.Acalov qeyd edib ki, bir insanın digərinə zərər verməsi yalnız bu və ya digər daxili çatışmazlıqların nəticəsidir:

“İdman cinayətə deyil, sağlam mübarizəyə, vətənpərvərliyə səsləyir və ən vacibi odur ki, düzgün insan idmanla məşğul olarkən elə ilk növbədə özü ilə mübarizə aparır, özünün daha yaxşı versiyası olmağa, irəliləməyə çalışır. Mən, şiddətə və davranış etikasına zidd hərəkətlərə qarşı biri kimi, son günlər gündəm olan hadisəni (idman zalında qətl) qınayıram. Turana Allahdan rəhmət, ailəsinə və idman ictimaiyyətinə isə səbir diləyirəm. Təəssüf ki, cinayət və zorakılıq halları, demək olar ki, bütün toplumlarda var və bu mənəvi dəyərlər baxımından cəmiyyətə böyük zərbədir.

Çox şükür ki, qayda-qanunlar çərçivəsində bu halların ciddi nəzarətdə saxlandığı ölkədə yaşayırıq. Azərbaycan, xüsusi ilə Bakı şəhəri, dünyanın kriminal cəhətdən ən sakit şəhərlərindən sayılır. Yəni dinclik, stabillik var, asayiş qorunur. Son olaraq, bir daha vurğulamaq istəyirəm ki, uşaqların həm fiziki cəhətdən sağlam, həm də sağlam iradəli böyümələri üçün valideynlər uşaqları idmandan yayındırmamalı, əksinə, onlarda idmana rəğbəti artırmalıdırlar. Digər tərəfdən, övladlarımız cəmiyyətdə özlərini müdafiə etməyi bacarmalıdırlar. İdman insana milli dəyərlərin aşılanmasında rol oynayır, zehnin daha iti olmasına səbəb olur. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar. Fərdlərimizi fiziki və mənəvi cəhətdən sağlam və əqidəli yetişdirək ki, gələcəyə ümidimiz olsun, gələcəyimiz parlaq olsun”.


Oxunma sayı: 2157

Oxşar yazılar