Ombudsman Azərbaycan əleyhinə qətnaməni pislədi

  • 22:36 - 01 Dekabr

Fransa Parlamentinin aşağı palatası tərəfindən 2022-ci il 30 noyabr tarixində ölkəmiz əleyhinə qərəzli olaraq qəbul edilmiş, özündə heç bir həqiqəti əks etdirməyən təxribat xarakterli qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin gərginləşdirilməsinə və sülhyaratma prosesinə ciddi zərər verməkdədir.

Ombudsman Aparatından Avropa.info-ya verilən məlumata görə, bunu bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

"Hələ 15 gün əvvəl Fransa Senatında qəbul olunmuş "Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 09 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi" adlı qətnamədən sonra yenidən ölkəmiz əleyhinə qətnamənin qəbulu Fransanın Senatının beynəlxalq hüquqa hörmətsizliyini bir daha sübut edir.

Hesab edirik ki, bir-birinin ardınca belə qərəzli qətnamələrin qəbulu nəinki Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olur, regionda siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına mənfi təsir göstərir.

Bu qətnamə ilə Fransa Ermənistanın Azərbaycana qarşı etnik və dini nifrət zəmnində həyata keçirdiyi işğalçılıq siyasətini dəstəkləyir, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərindən olan suverenlik və ərazi bütövlüyü prinsiplərinə qarşı çıxır. 30 il müddətində başqa bir ölkənin ərazisini işğal etmiş Ermənistanı müdafiə etmək Fransa hökumətinin insan hüquq və azadlıqlarını heçə saydığının açıq təzahürüdür.

Bir daha Fransa Parlamentin aşağı palatasının ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirməsiniqəti şəkildə pisləyir, onların bu hərəkətini təxribatçı addım kimi qiymətləndirirəm. Eyni zamanda Fransanı regionda milli ədavəti qızışdırmaq və aparılan bərpa-quruculuq proseslərinə mane olmaq istiqamətindəki fəaliyyətindən əl çəkməyə çağırıram", - deyə o bildirib.


Oxunma sayı: 2047

Oxşar yazılar