Avropa İttifaqı rəsmisindən Rusiyanın müsadirə edilən vəsaitinin xərclənməsi ilə bağlı TƏKLİF

  • 14:07 - 01 Dekabr

Ukraynanın bərpası böyük vəsait tələb edəcək, münaqişəni başlayan tərəf kimi Rusiya bu vəsaitləri əhatə etməlidir. 

Avropa.info xəbər verir ki, bu barədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının iclasının təşkil olunduğu Polşada Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozep Borrell jurnalistlərə bildirib. 

“Bu rəqəmlərin yüksək olacağını bilirik. Rusiya sistemli şəkildə Ukraynaya hücum etməklə müharibədə qalib gəlmədi”, - deyə o qeyd edib. 

Aİ-nin ali nümayəndəsi Avropanın yeni təhlükəsizlik sisteminə ehtiyacı olduğunu vurğulayıb. 

“Rusiya bizim təhlükəsizliyimizə hücum edir. Bu görüş Ukraynaya dəstək görüşüdür. Müxtəlif dəstək formaları müzakirə olunacaq”, - deyən Borrell Brüsselin Rusiyanın etdiklərini “müharibə cinayəti” kimi tanımaq üçün Ukraynanın təşəbbüsünü dəstəkləməyə hazır olduğunu vurğulayıb. 

Cozep Borrell xatırladıb ki, Rusiya Mərkəzi Bankının 300 milyard avroluq ehtiyatı Qərb ölkələrində bloklanıb. “Biz həmçinin Rusiya oliqarxlarının təxminən 20 milyard avrosunu dondurduq. Bu vəsait Ukraynanın bərpasına sərf edilməlidir”, - Borrell bildirib. 

Aİ nümayəndəsi əmin edib ki, o, çoxlu görüşlər keçirəcək, Rusiyanın “etdiklərinin əvəzini ödəməsi” üçün hüquqi imkanlar nəzərdən keçiriləcək: "Hesabların bloklanması və müsadirə edilməsi arasında ciddi fərq var". 

Borrell Moskvaya qarşı yeni sanksiyalarla bağlı sualı da cavablandırıb. 

“Sanksiyalar hər zaman tətbiq olunur. Qərar verməklə onu həyata keçirmək arasında fərq var. Onların hamısını birdən həyata keçirmək asan deyil. Yeni sanksiyalar olacaq, lakin hansı sanksiyaların tətbiq olunacağını hələlik söyləmək mümkün deyil”, - o əlavə edib.


Oxunma sayı: 2740

Oxşar yazılar