"Yeni Azərbaycan" qəzeti məhkəmədə uduzdu

  • 17:18 - 30 Noyabr

Nərimanov Rayon Məhkəməsi tanınmış jurnalist Qaşqay Ziyəddinoğlunun işə bərpa olunması barədə qərar qəbul edib 

30 noyabr 2022-ci il tarixində jurnalist Qaşqay Ziyəddinoğlunun (Qaşqay Ziyəddin oğlu Ramazanovun) Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinə qarşı məhkəmə iddiası əsasında Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın sədrliyi ilə baxış iclası keçirilib.

Qaşqay Ziyəddinoğlu Avropa.info-ya açıqlamasında bildirib ki, baxış iclasında iddiaçı jurnalistlə yanaşı, “Yeni Azərbaycan” qəzetini təmsil edən vəkil, Dövlət Əmək Müfəttişliyinin Bakı Şəhər İdarəsinin numayəndəsi də iştirak edib. 

Əvvəlcə iddiaçı Qaşqay Ziyəddinoğlu çıxış edərək qanunsuz işdən uzaqlaşdırıldığını əmək qanunvericiliyinə əsasən, geniş şəkildə izah edib. Daha sonra Dövlət Əmək Müfəttişliyinin Bakı Şəhər İdarəsinin nümayəndəsi işlə bağlı fikrini bildirib. "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayevin tutduğu vəkil də çıxış edərək, cavabdeh tərəfin haqlı olduğunu müdafiə edib.

Bundan sonra məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzova iddianın təmin edilməsi, o cümlədən jurnalist Qaşqay Ziyəddin oğlu Ramazanovun  işdən azad edilməsi haqqında qərarın ləğvi,  işə bərpa olunması və isburaxma dövrü üçün əməkhaqqının ödənilməsi barədə məhkəmənin qərarını elan edib.

Xatırladaq ki, məhkəmə iddiası Qaşqay Ziyəddinoğlunun qanunsuz olaraq işdən azad edilməsinə görə qaldırılmışdı.

Məlumat üçün onu da bildirək ki, tanınmış jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Qaşqay Ziyəddinoğlu Milli Mətbuatın 145 illik yubileyi ilə əlaqədar olaraq 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə  “Tərəqqi” medalı ilə təltif edilib.


Oxunma sayı: 2971

Oxşar yazılar