MEK əməkdaşları Antalyada keçirilən “Əhməd Cavad dünyası” adlı tədbirə qatılıblar – FOTO

  • 23:03 - 29 Noyabr

Türkiyədə baş tutan “ANKOSLink 2022” adlı beynəlxalq konfransda iştirak edən AMEA Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, dosent Şəhla Tahirqızı və Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi və Türk Ocaqları Antalya şöbəsinin dəvəti ilə istiqlal şairi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş “Əhməd Cavad dünyası” adlı tədbirdə də iştirak ediblər. Tədbirə, həmçinin Azərbaycandan Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru, dosent Nigar İsmayılova, kitabxananın şöbə müdiri Cəmilə Yusifova, Azərbaycan Dillər Universiteti Kitabxanasının direktoru Cəmilə Əliyeva da qatılıblar.

Tədbirdə AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən hazırlanan Əhməd Cavadın həyat və fəaliyyətini özündə əks etdirən geniş videoslayd təqdim edilib, dosent Şəhla Tahirqızı və dosent Nigar İsmayılovanın çıxışları dinlənilib.

Türkiyə tərəfdən isə tədbirdə Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Ceyran Səttarova, Türk Ocaqları Antalya şöbəsinin başkanı Abdullah Uysal, şair Yusif Özcan Akdeniz Universitetinin Fəlsəfə bölməsinin professoru İsmayıl Yakıt, mühəndis Hasan Sanar, sənətçi Vüsalə Qubadova, Elda Bağırova, Nurlana Seyidova və çoxsaylı qonaqlar iştirak ediblər.

Tədbir Əhməd Cavadın poeziyasından ədəbi kompozisiya ilə davam edib.

Sonda MEK-in icraçı direktoru, dosent Şəhla Tahirqızına Türk Ocaqları Antalya şöbəsinin və Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi tərəfindən təşəkkürnamə təqdim edilib.

Avropa.info

 

 

 


Oxunma sayı: 2289

Oxşar yazılar