Türkiyədə 20-ci əsrin əvvəlindən indiyədək zəlzələlər – STATİSTİKA

  • 14:25 - 24 Noyabr

Türkiyədə seysmik aktivliyin qeydə alınmasına başlanılan 1900-cü ildən indiyədək ölkədə altı və ya daha çox bal gücündə 226 zəlzələ baş verib. 

Ölkədəki qırılma xətləri Şimali, Şərqi və Qərbi Anadoludan keçir. 

Avropa.info xatırladır ki, Türkiyədə sonuncu güclü zəlzələ noyabrın 23-də Düzcə vilayətinin Gölyak rayonunda baş verib. Yerli vaxtla saat 04:08-də 5,9 bal gücündə zəlzələ qeydə alınıb. 

Türkiyənin Fövqəladə Halların Qarşısının Alınması və Müdaxilə Təşkilatı (AFAD) 2020-ci ili “Fəlakətlərin qarşısının alınması ili”, 2021-ci ili “Fəlakətlərin qarşısının alınması ili”, cari ili isə “Fəlakətlərə Yardım Təlimləri ili” elan edib. 

Bu təşəbbüslər çərçivəsində ölkənin hər yerində müxtəlif tədbirlər keçirilir. 

Noyabrın 12-də 1999-cu ildə baş vermiş dağıdıcı zəlzələnin 23-cü ildönümü münasibəti ilə Türkiyə daxilində ümummilli fəlakətlərə qarşı maarifləndirmə təlimləri keçirilib. 

Bu təlimlərdən 11 gün sonra şimal-qərbdəki Düzce vilayətində güclü zəlzələ baş verib və bu, Türkiyənin zəlzələ zonasında olduğunu bir daha xatırladıb. 

"Anadolu" agentliyinin AFAD-ın məlumatlarına istinadən verdiyi məlumata görə, bu gün Türkiyədə seysmik aktivliyin ölçülməsi və təhlili üçün 1443 seysmik stansiya fəaliyyət göstərir. Türkiyə seysmoloqları 2022-ci il yanvarın 1-dən noyabrın 15-dək 17212 zəlzələ qeydə alıblar. 

1900-cü ildən bu yana Türkiyə və onun ətraflarında altı və ya daha çox bal gücündə ümumilikdə 226 zəlzələ baş verib. Bunlardan 85-i 6,5 və yuxarı bal gücündə zəlzələlərdir. 

6,5 və daha çox bal gücündə 20-yə yaxın zəlzələ çoxsaylı insan tələfatına və böyük dağıntılara səbəb olub. 

Onların arasında ən faciəlisi Bingöl (1 may 2003-cü il, 6,4 bal), Elazığ (24 yanvar 2020, 6,8 bal) və İzmir (30 oktyabr 2020, 6,6 bal gücündə) zəlzələləridir. 

Ərzincanda - 27 dekabr 1939-cu ildə baş verən 7,9 bal gücündə zəlzələ nəticəsində 33 minə yaxın insan həlak olub, 100 min nəfər yaralanıb. 116 minə yaxın bina dağıdılıb. Ərzincan zəlzələsi dünyanın ən güclü zəlzələlərindən biri hesab olunur. 

17 avqust 1999-cu ildə Kocaelinin Gölcük bölgəsində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində 17 840 nəfər ölüb, 43 953 nəfər yaralanıb. Təxminən 45 saniyə davam edən Gölcük zəlzələsi Türkiyə tarixində "ən uzun zəlzələ" kimi tanınır. 

12 noyabr 1999-cu ildə Düzcedə 30 saniyə davam edən 7,2 bal gücündə zəlzələ baş verdi. Zəlzələ hətta Ukraynada da hiss olunub. Nəticədə 894 nəfər həlak olub, 2679 nəfər yaralanıb, minlərlə insan evsiz qalıb.


Oxunma sayı: 793

Oxşar yazılar