Ermənistanın iki eks-xarici işlər nazirindən biri Xankəndiyə gətirilir

  • 16:35 - 24 Noyabr

Qarabağ separatçılarının “dövlət naziri” təyin olunmuş rusiyalı milyarder Ruben Vardanyan getdikcə fəallaşır. Dünən Xankəndidəki qondarma “Artsax hökuməti”ndə təmizləmə işi aparılıb - “təhlükəsizlik qüvvələri” istisna olmaqla bütün “nazirlər” tutduqları postdan uzaqlaşdırılıb. Bu “işdənçıxarılmalar”ın Vardanyanın tələbilə gerçəkləşdirildiyi bildirilir. Çünki vəzifədən çıxarılan “nazirlər” Qarabağ separatçılarının başçısı Arayik Arutyunyana sadiq olan adamlardır.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, “Hraparak”ın məlumatına görə, noyabrın 4-də “Artsaxın dövlət naziri”  təyin edilmiş Ruben Vardanyan hazırda Xankəndidə özünə yeni komanda formalaşdırır.

Yayılan məlumatlara görə, Vardanyanın komandasına gətirəcəyi “xarici işlər naziri” tanınmış sima olacaq. Bu “posta” namizəd kimi iki nəfərin adı çəkilir – Ermənisan keçmiş xarici işlər nazirləri Ara Ayvazyan və Vardan Oskanyan. Bu təcrübəli diplomatlardan hansının Xankəndiyə gətiriləcəyi Ruben Vardanyanın Moskva ilə məsləhətləşməsindən sonra məlum olacaq.

“Hraparak” yazıb ki, Ruben Vardanyan dünən İrəvana gəlib, bu gün isə Moskvaya yola düşəcək. Onun Moskvada öz himayədarları ilə məsləhətləşdikdən sonra “yeni kabineti”ndə kimlərin olacağını açıqlayacağı bildirilir. Məlumatlara görə, Qarabağ separatçılarının “güc strukturları”nda da dəyişikliklərin olacağı istisna edilmir.

Ruben Vardanyan mediaya açıqlamasında deyib ki, Qarabağla bağlı proseslər sürətlə inkişaf edir, Azərbaycan tərəfi görünməmiş fəallıq nümayiş etdirir. Ona görə də separatçılara artan çağırışların öhdəsindən gələ biləcək yeni qüvvələr, yeni idarəetmə modelləri lazımdır.


Oxunma sayı: 914

Oxşar yazılar