Ağdamın azadlığa qovuşmasından iki il ötür

  • 10:00 - 20 Noyabr

Bu gün Ağdamın işğaldan azad olunmasından 2 il ötür.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycan tərəfinə təhfil verilib.

Noyabrın 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət himni səsləndirilib və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə olunub.

Həmin ilin noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb.

Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. Ötən müddət ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdamda səfərdə olublar. Rayonda bir çox tədbirlərdə və yeni-yeni bir çox açılış mərasimlərində iştirak ediblər. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin - ağdamlıların yolunu gözləyir.

Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri var. XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalası, Cümə məscidi və Şahbulaq məscidi Ağdam rayonu ərazisində yerləşir.

Ağdam işğaldan azad olunduqdan sonra ermənilərin viran qoyduğu, Qafqazın Xirosiması adlandırılan bu şəhərdə bərpa və quruculuq işlərinə başlanılıb. İşğaldan azad olunduğu bir il müddətində Ağdamda müsbətə doğru çox dəyişiklik baş verib, bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Azərbaycan Prezidentinin və dövlətinin məqsədi Ağdamı regionun ən gözəl şəhərlərindən birinə çevirməkdir. Artıq Ağdam şəhərinin Baş Planı hazırlanaraq təqdim edilib və bu planın həyata keçirilməsi istiqamətində işlər davam etməkdədir.

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər - Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri dağıdılıb və ya yerlə-yeksan edilib. Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.


Oxunma sayı: 8801

Oxşar yazılar