Azərbaycan və Albaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - YENİLƏNİB

  • 17:25 - 15 Noyabr

Noyabrın 15-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər.

Avropa.info xəbər verir ki, əvvəlcə Albaniya dövlətinin başçısı çıxış edib.

Prezident Bayram Beqayın bəyanatı:

- Hörmətli Prezident Əliyev.

Əziz dostlar.

Hörmətli iştirakçılar.

Bu gün mən Azərbaycan Prezidenti cənab İlham Əliyevi burada – Tiranada böyük məmnunluqla qəbul edirəm.

Cənab Prezident, bizim dəvətimizi qəbul etdiyinizə, bizimlə apardığınız məhsuldar əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Bu, əlaqələrimizin tarixində ilk mühüm dövlət səfəridir. Azərbaycan Prezidenti ölkəmizə səfər edib. Belə yüksək səviyyəli səfər münasibətlərimizin inkişaf etdirilməsində, xalqlarımız arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı iradəmizin təzahürüdür.

Ölkələrimiz arasında aparılan dialoqa görə dərin təşəkkürümü bildirirəm. Cənab Prezident, çox yaxşı haldır ki, Siz bu gün ölkəmizdəsiniz. Əslində, bu, qarşılıqlı maraq doğuran əməkdaşlığın yeni sahələrini açır. Albaniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edilməsinə gəldikdə, 2023-cü ildə biz əməkdaşlığımızın daha intensiv mərhələsinə qədəm qoyacağıq. Biz burada Azərbaycan Həftəsini keçirmək niyyətindəyik. Əslində, bu tədbir ölkənizin burada mədəni baxımdan təşviq olunması üçün önəmlidir. Biz, həmçinin burada ölkənizin səfirliyinin açılması ilə əlaqədar iradəsini bildirdiyinə görə Azərbaycan tərəfinə minnətdarıq və həmin addım ölkələrimiz arasında əməkdaşlığın yaxşı təzahürüdür.

Bu gün aparılan müzakirələr xüsusilə vacibdir, çünki biz gələcək üçün yeni istiqamətləri müəyyən edirik, bizim üçün maraqlı olan sahələri təyin edirik. Bununla qeyd etmək istərdik ki, Birgə Komitənin iclası əlaqələrimizi daha da möhkəmləndirə bilər. Beləliklə Albaniya enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsində olduqca maraqlıdır. Əlbəttə ki, enerji sahəsində İon–Adriatik boru kəməri Albaniyanı, Monteneqronu, Xorvatiyanı birləşdirərək, ölkələrimizin geosiyasi əhəmiyyətini artırır və regional, o cümlədən Avropa səviyyəsində qaz təchizatının şaxələndirilməsini nümayiş etdirir. Bilirik ki, bu sahədə ölkənizin sərmayə qoyuluşu baxımından təcrübəsi var. Albaniya, həmçinin öz ərazisində tranzit imkanlarından istifadəyə çox açıqdır və hazırdır. Qaz infrastrukturumuzdan bu məqsədlə tam istifadə olunmasını mümkün hesab edirik. Bu sahədə daha böyük nəticələrin əldə olunmasını səmimiyyətlə arzu edirik. Beləliklə, biz əməkdaşlığımızın yeni yollarını açırıq və bu məqsədlə Azərbaycan tərəfinin göstərəcəyi səyləri alqışlayırıq. Fikrimizcə, birgə işləyərək öz imkanlarımızı səfərbər edə biləcəyik və daha da genişləndirəcəyik.

Əslində, turizm ölkələrimizin iqtisadiyyatlarının digər mühüm sahəsidir. Azərbaycan uğurlu təcrübəni özündə əks etdirir. Biz bundan yararlana bilərik. Mən cənab Prezidentə bəyan etdim ki, bu sahədə Azərbaycan tərəfindən qoyulacaq sərmayələri yüksək dəyərləndirərdik. Eyni zamanda, mədəniyyət sahəsində birgə işləməliyik ki, xalqlarımız daha yaxın olsun, bir-birini tanısın. Bununla bağlı iki tərəf arasında yeni sazişlər imzalana bilər. Bilirik ki, mədəniyyət və incəsənət sahəsinə aid olan minlərlə eksponat nümayiş etdirilə bilər. Cənab Prezident, mən Sizə bildirdim ki, bu, irsimizin qorunmasına töhfə verəcəkdir. 2019-cu ildə baş vermiş zəlzələdə də göstərilən yardımı yüksək dəyərləndiririk.

İstərdik bildirək ki, Ukraynada gedən müharibə və onun nəticələrinə gəldikdə, biz ümumi mövqedən çıxış edirik: diplomatiya və dialoq irəliyə doğru aparan əsas yoldur. Bu, həmçinin Cənubi Qafqaz və digər bölgələr üçün də vacibdir. Albaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına öz dəstəyini verib. Ukraynadakı müharibəyə gəldikdə, bəyan edirəm ki, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və istəyirik ki, bu məsələ sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın. Mən, həmçinin bildirdim ki, ölkələrimiz arasında beynəlxalq təşkilatlarda, BMT-də, Avropa Şurasında məhsuldar əməkdaşlıq aparılır. BMT Təhlükəsizlik Şurasına Albaniyanın namizədliyinə, o cümlədən ATƏT-in sədrliyinə dəstək verilməsi ilə bağlı müraciət etdim. Əlbəttə ki, namizədliyə gəldikdə, bizim əməkdaşlığımız bu baxımdan gələcəkdə də davam etdirilməlidir.

Digər məsələlərə gəldikdə, mən cənab Prezidentə bildirdim ki, Kosovo Albaniya üçün çox əhəmiyyətlidir və bu, nəinki sabitlik, həm də bütöv regionun tərəqqisi üçün vacibdir. Parlamentlərarası əməkdaşlığa gəldikdə, Albaniya və Azərbaycan arasında dostluq qrupları fəaliyyət göstərir. Bu istiqamətdə atılacaq addımlar çox ola bilər. İstərdik ki, parlamentlərimiz bir-biri ilə sıx əməkdaşlıq etsinlər.

Yekun olaraq bildirmək istəyirəm ki, bizim ikitərəfli münasibətlərimizə gəldikdə, gedəcəyimiz yol və əldə edəcəyimiz nəticələr çoxdur. Buna görə, mən dostluq əlaqələrimizə, ölkələrimiz arasında münasibətlərə çox yaxşı gələcək arzu edirəm.

Cənab Prezident, gəldiyinizə görə çox sağ olun. Bir daha, Albaniyaya xoş gəlmisiniz. Çox sağ olun, cənab Prezident.

*** 15:27

Noyabrın 15-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər.

Avropa.info-nun xəbərinə görə, Azərbaycan Prezidentinin Albaniyaya dövlət səfəri davam edir.

 

 

 

 

 


Oxunma sayı: 8449

Oxşar yazılar