Bu abunə haqqı 40% artırıldı - Tarif Şurasından yeni QƏRAR

  • 11:33 - 27 Oktyabr

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti internet, xüsusi radiorabitə, "AzStateNet" fiber optik şəbəkəsindən istifadə və digər xidmətlər üzrə tariflərə baxılması ilə bağlı Şuraya müraciət edib. Müraciətdə dövlət qurumlarının etibarlı rabitə ilə təmin edilməsi üçün yeni xidmətlərin yaranmasına və onlara çəkilən xərclər nəzərə alınmaqla tarif tənzimlənməsinə zərurət yarandığı bildirilir. Məlumat üçün qeyd edək ki, xidmətlə bağlı son tarif tənzimləməsi 24.11.2011-ci il tarixində həyata keçirilib.

Tarif (qiymət) Şurasının iclasında təklif olunan tariflərin qəbul olunması məqsədəuyğun hesab edilib. Qeyd edək ki, bu xidmətlər yalnız dövlət orqanlarına göstərildiyi üçün bu tariflər əhaliyə və sahibkarlıq subyektlərinə şamil edilmir.

Bundan başqa, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının və şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi ilə bağlı Şuraya müraciət edib.

Müraciətdə qeyd edilir ki, dünyada baş verən tendensiyalara uyğun olaraq, internet vasitəsi ilə əlaqələrin artması fonunda beynəlxalq giriş və çıxış telefon trafikinin həcmi ildən-ilə azalır. Xidmətlərlə bağlı 02.12.2013-cü il tarixində həyata keçirilmiş son tarif tənzimlənməsindən sonra trafik daha da azalıb ki, bu da müəssisələrin maliyyə fəaliyyətinə təsir edib. Bu baxımdan, keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi, əməkhaqlarının artırılması və xərclərin qarşılanması məqsədilə tariflərə yenidən baxılmasına zərurət yaranıb.

Müzakirələrdən sonra sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılması, şəhərlərarası telefon danışıqları üzrə tarifin 5 qəpikdən 3 qəpiyə endirilməsi barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifinin qəbul edilməsi qərara alınıb.

Qeyd olunan hər iki Qərar 1 noyabr 2022-ci il tarixindən qüvvəyə minir.


Oxunma sayı: 11276

Oxşar yazılar