Rusiya Quzey Kıbrısa birbaşa uçuşlar təşkil etmək istəyir – Ersin Tatar AÇIQLADI

  • 13:42 - 24 Sentyabr

Rusiya şirkətlərindən biri Rusiya Federasiyasından birbaşa uçuşlar təşkil etmək üçün Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Mülki Aviasiya İdarəsinə müraciət edib. 

Avropa.info xəbər verir ki, bunu "Anadolu" agentliyinə açıqlamasında KKTC prezidenti Ersin Tatar BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində bildirib. 

Onun sözlərinə görə, KKTC Mülki Aviasiya İdarəsi Türkiyə rəsmiləri ilə fəal məsləhətləşərək, Lefkoşadakı Ercan hava limanından təyyarələrin hansı şərtlər altında eniş və qalxa biləcəyini əks etdirən cavab göndərib. 

“Hazırda Rusiya şirkəti bu cavabı təhlil edir. Lefkosa yalnız Rusiya Federasiyasından birbaşa uçuşların başlanmasını alqışlayacaq”, - deyə dövlət başçısı bildirib. 

KKTC prezidenti qeyd edib ki, Rusiya Federasiyası ilə birbaşa hava əlaqəsi ilə bağlı yekun qərar hələ qəbul edilməyib, bu istiqamətdə işlər davam etdirilir. 

Ersin Tatar daha sonra Kıbrıs məsələsinə Britaniya tərəfinin münasibətinə diqqət çəkib. 

“Böyük Britaniya Kıbrıs üçün qarant dövlət kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. London Kıbrıs türklərinin maraqlarının pozulmasına məhəl qoymur. Həm də ona görə ki, adanın cənubunda Britaniya hərbi bazası var”, - deyə Tatar bildirib. 

Onun sözlərinə görə, ABŞ Kıbrısın rum kəsiminə silah tədarükünə qoyulan embarqoya məhəl qoymayaraq, oxşar mövqedən çıxış edir. 

O, Vaşinqtonun hərəkətlərinin Kıbrısın rum tərəfində silahlanma yarışına səbəb olduğunu, lakin bunun adanın yunan icmasına heç bir fayda verməyəcəyini vurğulayıb. 

Ersin Tatar əmindir ki, uzun müddətdir davam edən Kıbrıs problemindən yeganə çıxış yolu adada iki müstəqil və suveren dövlətin mövcudluğunu tanımaqdır.


Oxunma sayı: 5479

Oxşar yazılar