“Nə avtobusa minmək olur, nə metroya” - Deputat da şikayətçidir

  • 22:29 - 24 Sentyabr

“İctimai nəqliyyatla bağlı tək Bakıda yox, bütün böyük şəhərlərdə problemlər mövcuddur”.

Avropa.info xəbər verir ki, bunu modern.az-a açıqlamasında ictimai nəqliyyatdan istifadə edən deputat Naqif Həmzəyev bildirib.

N.Həmzəyev qeyd edib ki, yeni tədris ilinin başlaması və ictimai nəqliyyata ehtiyacın artması ilə bu problem daha qabarıq şəkildə ortaya çıxıb:

“Müşahidə edirik pik saatlarda daha çox sıxlıqlar olur. Əgər deyilənlər doğrudursa, qarajda kifayət qədər avtobus varsa, onları vətəndaşların istifadəsinə vermək lazımdır. Hansı yolla olursa olsun, bu problem aradan qaldırılmalıdır. Əvvəlki dövrdən fərqli olaraq isə sürücü mədəniyyətində artımın şahidi oluruq. Təəssüflər olsun ki, tıxac olan zaman qrafiklər qarışır, avtobuslar gecikir və sərnişinlər üçün problem yaranır. Düşünürəm ki, adiyyatı qurumlar problemin həlli ilə bağlı təxirəsalınmaz işlər görməlidirlər. Çalışmalıyıq məktəblilərin dərsə getdiyi saatda şəxsi avtomobilə yox, ictimai nəqliyyata üstünlük verilsin”.

“Mən özümdə ictimai nəqliyyatdan istifadə edən biri olaraq bu vəziyyətdən şikayətçiyəm. Avtobuslar əvvəlki qədər yaxşı işləmədiyi üçün metroda daha çox sıxlıq müşahidə olunur. Metrodan istifadə etdiyim halda dəfələrlə işə gecikmişəm. Qatarda sıxlıq həddən artıq olduğu üçün minmək mümkün deyil. Məcbursan ki, 4-5 qatar buraxasan. Növbəti qatara mindikdə belə mənzərə xoş olmur, adam məcbur qalıb minir. Avtobuslarda da vəziyyət eynidir, sıxlıq olur, minmək olmur. Mindikdə isə düşmək olmur. Adiyyatı qurumlar qarşısında bu məsələni qaldırmalıyıq ki, ən qısa zamanda bu acınacaqlı vəziyyətlə bağlı problem həll olunsun”, - deputat qeyd edib.


Oxunma sayı: 4874

Oxşar yazılar