Ankara Miçotakisə cavab verdi: Yunanıstan özü sanksiyaları pozur və dialoqa məhəl qoymur

  • 21:25 - 24 Sentyabr

Ankara Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin Türkiyəyə qarşı BMT Baş Assambleyasının tribunasından səsləndirdiyi ittihamları rədd edib. 

Avropa.info xəbər verir ki, Türkiyə Yunanıstan baş nazirinin bəyanatlarını “faktların təhrif edilməsinin və düşmənçiliyin daha bir nümunəsi” adlandırıb. 

Yunanıstan hökumətinin başçısı daha əvvəl BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edərək Ankaranı Şərqi Aralıq dənizi, Yaxın Şərq və Qafqazda "sabitliyi pozmaqda" ittiham edib. 

Türkiyənin BMT-dəki nümayəndəliyi bəyanat yayaraq Türkiyənin regionda və onun hüdudlarından kənarda oynadığı rolun beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bildirib. 

Bəyanatda Ankaranın BMT Təhlükəsizlik Şurası səviyyəsində qəbul edilmiş sanksiyaların bütün tələblərini yerinə yetirdiyi vurğulanır.

“Afinanın Ankaraya qarşı məhdudiyyətlərlə bağlı ittihamları “ikili standartların” bariz nümunəsidir, çünki Yunanıstan özü sanksiyalara məruz qalan ölkələrdən nefti tankerlərdən başqa gəmilərə ötürməklə sanksiyaları pozur. 

Türkiyə Yunanıstanın ərazi bütövlüyü və birliyini mübahisə etmir. Bu cür bəyanatlar Türkiyə əleyhinə aparılan təbliğatın tərkib hissəsidir. Ankara Afinadan fərqli olaraq, Egey dənizindəki mübahisələrin həlli üçün beynəlxalq hüquqa əsaslanan dialoqa, dürüst və mənalı dialoqa çağırır”, - deyə bəyanatda bildirilir. 

Türkiyə nümayəndə heyəti xatırladıb ki, 1995-ci il iyunun 1-dən Yunanıstan Türkiyəni öz ərazi sularını 6 dəniz milindən artıq genişləndirməklə hədələyir. Bundan əlavə, Yunanıstan Egeyin şərqindəki adalara getdikcə daha çox silah yerləşdirir və bununla da beynəlxalq öhdəlikləri pozur. 

Bununla yanaşı, Yunanıstan tərəfi miqrantları aşağılayır və onların həyatına təhlükə yaradır ki, bu da təkcə Türkiyə tərəfindən deyil, bir çox beynəlxalq təşkilatlar tərəfindən də qeydə alınır. “Yunanıstanı beynəlxalq humanitar hüququn tələblərinə əməl etməyə və Egeydə miqrantlara qarşı “qeyri-insani” hərəkətlərə son qoymağa çağırırıq”, - bəyanatda deyilir. 

Sənəddə daha sonra deyilir ki, Türkiyə Kipr türklərinin suveren bərabərlik hüququnu və bərabər beynəlxalq statusu müdafiə etməyə davam edəcək.


Oxunma sayı: 4841

Oxşar yazılar