Tehranda nümayişçilərlə polis arasında TOQQUŞMA: İran televiziyası ölənlərin sayının 26-ya çata biləcəyini etiraf etdi

  • 18:12 - 23 Sentyabr

İran hakimiyyəti 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı ölkəni bürümüş kütləvi nümayişlərdə ölənlərin dəqiq sayını açıqlamasa da, dövlət televiziyası hazırda ölənlərin sayının 26-ya çata biləcəyini bildirib. 

Avropa.info xəbər verir ki, paytaxt Tehranı, ölkənin bir çox şəhər və əyalətlərini iğtişaşlar bürüyüb. Bu, sosial şəbəkələrdəki kadrlardan belə görünür. 

İranın hakimiyyət orqanları etirazlar zamanı həlak olanların dəqiq sayını açıqlamır. Lakin dövlət televiziyasının məlumatına görə, polis əməkdaşları da daxil olmaqla 26 nəfər ölüb. 

Eyni zamanda, dövlət televiziyası qurbanların dəqiq sayını hakimiyyət orqanları tərəfindən açıqlanacağını vurğulayıb. 

Sosial şəbəkələrdə yayılan görüntülər ölkədə, xüsusən də Tehran və İsfahan kimi böyük şəhərlərdə vəziyyətin gərginləşdiyini göstərir. Təhlükəsizlik qüvvələri etirazları yatırmaq üçün daha sərt tədbirlərə əl atır. 

Tehranın Şəhriyar rayonunda polislə nümayişçilər arasında toqquşma baş verib. Nümayişlər şəhərin müxtəlif yerlərində davam edib. Polis yolları bağlayan nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Xatırladaq ki, İranda sentyabrın 13-də baş örtüyünü səhv geyindiyinə görə Qəşt-e Ərşad (yerli əxlaq polisinin rəsmi adı -red.) tərəfindən saxlanılıb. Sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmini adlı qızın əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra yerləşdirildiyi xəstəxanada ölməsi ölkədə etirazlara səbəb olub. Artıq bir neçə gündür başlayan kütləvi etirazlara hər gün çox sayda insan qoşulur. 


Oxunma sayı: 4082

Oxşar yazılar