
Dörd ildən sonra İLK DƏFƏ: Ən böyük döyüş təlimi başlayır – FOTO
- 13:20 - 23 Sentyabr
“Şimali Koreyadan hücum” ssenarisi ilə ABŞ və Cənubi Koreyanın hərbi manevrləri üçün Busan liman şəhərində lövbər salan ABŞ-ın “USS Ronald Reagan” təyyarədaşıyan gəmisi dörd ildən sonra ilk dəfə Cənubi Koreyada görünüb.
Avropa.info musavat.com-a istinadən xəbər verir ki, nəhəng gəminin bu səhər ölkəyə gətirildiyi və Şimali Koreyaya açıq bir mesaj vermək üçün digər hərbi gəmilərlə yanaşı dayandığı bildirilir.
Gəminin gəlişi ABŞ-ın regionda strateji mövcudluğunu nümayiş etdirmək üçün indiyə qədər həyata keçirdiyi ən böyük həmlədir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin komandiri Maykl Donnelli gəmidə jurnalistlərə açıqlama verib. O bildirib ki, səfər çoxdan planlaşdırılıb və Cənubi Koreya ilə müttəfiqliyi genişləndirmək üçün nəzərdə tutulub.

Jurnalistlərin sualını cavablandıran Donnelli bildirib ki, ABŞ-Cənubi Koreya birgə hərbi təlimi istənilən vaxt, istənilən yerdə təhdidlərə cavab verilməsini təmin etmək məqsədilə keçirilir.
İki ölkə arasında keçiriləcək məşqin son zamanların ən böyük döyüş təlimi olacağı gözlənilir.
ABŞ-a məxsus Osan Hava Bazasındakı bu əməliyyat mərkəzi ona görə unikaldır ki, o, dünyada iki hərbi qüvvənin bir ölkəni müdafiə etmək üçün ahəngdar şəkildə işlədiyi yeganə yerdir.

Bir otaqda iki ölkənin hava qüvvələri, quru qoşunları, donanmaları, kosmos və kiber əməliyyatları idarə olunur. ABŞ prezidenti Co Bayden də may ayında Cənubi Koreyaya səfəri zamanı əməliyyat mərkəzinin vacibliyini vurğulamışdı.
Qeyd edək ki, bu həftə dörd ildən sonra ilk dəfə olaraq, iki ordu cəbhə xəttində təlimlər keçəcək və Şimali Koreyanın mümkün hücumuna necə cavab verəcəklərini sınaqdan keçirəcəklər. Əvvəllər davamlı keçirilən təlimlər 2018-ci ildə ABŞ və Cənubi Koreyanın Şimali Koreyanı nüvə silahlarından imtina etməyə razı salmağa çalışdıqları üçün ləğv edilmişdi.
Lakin illərlə davam edən diplomatik durğunluqdan və Şimali Koreyanın getdikcə aqressivləşməsindən sonra iki ölkə təlimləri bərpa etməyin vaxtının çatdığına qərar verib.