Prezident: Azərbaycan ilə Səudiyyə Ərəbistanını dostluq və qardaşlıq münasibətləri birləşdirir

  • 13:16 - 23 Sentyabr

Azərbaycan ilə Səudiyyə Ərəbistanını xalqlarımızın ortaq mənəvi dəyərlərindən qaynaqlanan dostluq və qardaşlıq münasibətləri birləşdirir. Daim genişlənən siyasi dialoqumuz, dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsi əməkdaşlığımızın hərtərəfli inkişafına böyük töhfə verir. Hazırda bu xoş ənənələr üzərində qurulan, qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın müvəffəqiyyətlə inkişaf etməsi məmnunluq doğurur.

Avropa.info bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının milli bayramı - Krallıq elan edilməsi Günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda ünvanlandığı təbrik məktubunda yer alıb.

"Qardaş ölkənizin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyini və ədalətli mövqeyini xalqımız heç zaman unutmur", - deyə təbrikdə vurğulanıb.

Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsinin iqtisadi sahədə, xüsusilə də energetika sahəsində əməkdaşlıq imkanlarını daha da artırdığını qeyd edən dövlətimizin başçısı Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən olan "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının tikintisini bərpaolunan enerji sahəsində səmərəli əməkdaşlığın bariz nümunəsi adlandırıb.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, qardaş xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Səudiyyə Ərəbistanı dostluq münasibətləri, güclü İslam həmrəyliyinə əsaslanan ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə genişlənəcək və möhkəmlənəcək.


Oxunma sayı: 1266

Oxşar yazılar