
Yol polisləri ilə əlbəyaxa olan sürücü cəzalandırıldı - VİDEO
- 11:42 - 22 Sentyabr
Bakıda yol polisləri ilə sürücü arasında daha bir insident kameraya düşüb.
Avropa.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntüdə yol polislərinin avtomobilin qapısını açmağa cəhd göstərməsi və sürücünün isə buna mane olması öz əksini tapıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, bu, yeni görüntü deyil:
"Sürücü taksi fəaliyyəti ilə məşğul olub. Avtomobilinin üzərində 3 ayı tamam olmuş cərimələrinə görə həbs qərarının olduğu ona izah olunub. Bildirilib ki, bu halda İXM-nin 96-cı maddəsinin tələbinə görə avtomobil duracağa təmin olunmalıdır. Əvvəl razılığını bildirib. Daha sora avtomobilə əyləşərək qapıları bağlayıb, həmin yerdən uzaqlaşmağa çalışıb. Bu zaman videodan da göründüyü kimi polis əməkdaşı əlini qapıya atanda ayağı ilə onun əlini sıxır və çəkiliş edib gərginliyi məqsədli şəkildə öz xeyrinə göstərməklə qanuni işini görən polisi nüfuzdan salmağa çalışır. Şəxs aidiyyəti üzrə ərazi polis bölməsinə aparılıb".
A.Əsgərlinin sözlərinə görə, həmin sürücüyə 10 sutka həbs qərarı verilib:
"Nizami rayon məhkəməsinin qərarı ilə polisin qanuni tələbinə tabe olmadığı üçün barəsində 10 sutka həbs qərarı verilib. Daha sonra isə himayəsində azyaşlı uşaq olduğunu əsas tutaraq məhkəmə qərarından apellyasiya şikayəti edib və cəza növü cərimə ilə dəyişdirilib. Lakin qərar qüvvədə saxlanılıb. Polis qanuna tabe olmayan şəxsin özbaşınalığına hüquqi qiymət verərkən çətin anlar yaşanıla bilər. Lakin hər hansısa çəkiliş və ya digər bu tip video materiallara görə öz işinə qarşı qətiyyətli münasibətini dəyişməməlidir. Hərə əlinə bir video götürüb polisin işinə müdaxilə edib nizam-intizama təsir göstərməyi düşünürsə, yanılır. Belə əməllərdənsə qanunların tələbini vaxtında icra edib vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik".
Həmin videonu təqdim edirik: