Qurban Qurbanov 4 qol vuran oğlundan DANIŞDI

  • 15:36 - 19 Sentyabr

“Qarabağ” Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə “Zirə”ni 7:1 hesabı ilə məğlub edib.

Avropa.info xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.

Q.Qurbanov futbolçularını təbrik edib:

"Çox yaxşı performans göstərdilər. Vacib qalibiyyət idi. Hesabda irəli olmağımıza baxmayaraq, futbolçular dayanmırdılar, sürəti artırırdılar. Bu, çox vacib hallardan biridir. Neçə vaxtdır sıx qrafikdə idik. Amma ümumən bu, hiss olunmadı. Sıx qrafikdə çox əziyyət çəkdilər, sona qədər çətinliklərə dözdülər”.

Baş məşqçi daha sonra oyunda 4 qol vuran oğlu Musa Qurbanlı ilə bağlı sualı cavablandırıb:

“Musa hələ “Qarabağ” üçün tam hazır olmalıdır, sonra milli üçün. Milli barədə mən fikir bildirə bilmərəm. Çünki yığmanın öz idarəediciləri var. Futbolda qol vuran oyunçuya maraq həddən çox olur, onun haqda müsbət fikirlər yaranır. Bu gün Musanın 4 qol vurmağı o demək deyil ki, o, tam hazırdır. Dəfələrlə demişəm ki, mənim üçün vacib olan stabil göstəricilərdir. Bu, çox vacibdir. Bunun üçün mərhələlər var. Bu mərhələlərin hamısını keçmək lazımdır. Çempionat oyunu, Avroliqa oyunu var. Bunlar hamısı mərhələlərdir. Ümumən gündən-günə inkişaf varsa, demək ki, yaxşılığa doğru gedir. Tək Musa yox, Toral, Elvin və digər oyunçuların da tam hazır olub, təcrübəlilərin sırasına qoşulmasını istəyirik. Musanın etməli olduğu çox şey var. Öz üzərində çox işləməlidir. Biz də məşqçilər olaraq hər futbolçunun idman formasını daha da yaxşılaşdırmasına çalışacağıq”.


Oxunma sayı: 6249

Oxşar yazılar