Primakovun öz təyyarəsində Bakıya gətirdiyi 50 azərbaycanlı əsir... – ŞOK FAKTLAR

  • 19:22 - 30 Avqust

30 avqust Beynəlxalq İtkinlər Günü kimi qeyd edilir. Bu gün 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilib. Ermənistanın Azərbaycana təcüvüzü, ərazilərimizin işğalı, soyqırım və ərazilərin azərbaycanlılardan təmizlənməsi kimi məkirli siyasət nəticəsində ölkəmiz dünyada itkin düşmüşlərlə bağlı ən ağrılı problemlərlə üzləşən dövlətlər sırasındadır. I Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzü və işğalçılıq siyasəti nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyi ilə bağlı qarşı tərəf bu gündə qədər heç bir məlumat vermyəib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılması da Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı ortaya çıxmış böhranın həllinə yönəlib. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşüb. Onların 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub.

Avropa.info xəbər verir ki, teleqraf.com-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bu mövzunun həmişə diqqətdə olduğunu söyləyib:

“Mən xarici işlər naziri işləyərkən bu məsələni daim gündəmdə saxlayırdıq. Məndən sonra da müxtəlif qurumlar bu işlə məşğul idi. Azərbaycanda itkin düşmüş vətəndaşlarla bağlı xüsusi dövlət komissiyası mövcuddur. Bu qurum 90-cı illərin ortalarından fəaliyyət göstərir. Ümumilikdə itkin və əsir düşmüş vətəndaşların taleyi məsələsi Azərbaycan üçün ağır bir mövzudur. Çünki I Qarabağ müharibəsi dövründə bizim itkilərimiz çox olub. Müxtəlif məlumatlar var ki, onların əksəriyyəti xüsusi amansızlıq və vəhşiliklə öldürülüb. Hələ də bu məsələ ətrafında məlumatların toplanması prosesi davam edir.

Xarici İşlər Nazirliyində çalışdığımız dövrdə biz bu işlə mütəmadı məşğul olurduq. Hətta bir neçə dəfə də Ermənistan tərəfindən əsir və girov götürülmüş vətəndaşlarımızın geri qaytarılmasına nail olmuşuq.

Xatırlayıram ki, 1994-ci ildə Azərbaycanla Ermənistan arasında atəşkəsə imza atıldıqdan sonra tərəflər arasında danışıqlar bərpa edildi. Burada Azərbaycan nümayəndə heyəti Ermənistandan tələb etdi ki, əsir və girov saxlanılan qadın və uşaqlar mütləq təcili şəkildə təhvil verilməlidir. O vaxt bu istiqamətdə bir sıra məsələlərin həllinə nail olmaq mümkün oldu. Bu məsələdə ATƏT-in Minsk qrupunun (1992-1996-cı illər) Rusiyadan olan həmsədri Vladimir Kazimirovun da təsiri oldu. Nəticədə 1994-cü ilin avqust ayında 28 nəfər qadın və uşağın erməni girovluğundan Azərbaycana qaytarılmasına nail olundu. Burada olan iki erməni qadın və uşaq isə Ermənistana təhvil verildi”.

Sabiq diplomat sonrakı dövrdəki danışıqlar zamanı da əsir və girov götürülmüş insanların taleyi ilə bağlı məsələnin diqqətdə saxlanıldığını söyləyib:

“Beynəlxalq Qızıl Xaç Komitəsinin yüksək səviyyəli nümayəndləri ilə bu mövzu ətrafında iş aparılıb. O vaxt Rusiyanın Xarici işlər naziri (1996-1998) olmuş Yevgeni Primakov İrəvandan Bakıya özünün olduğu təyyarədə 50-yə yaxın azərbaycanlı əsirin qaytarılmasına vasitəçilik etmişdi. Bu baxımdan bu məsələnin hər zaman gündəmdə olduğunu söyləmək mümkündür.

Bu dövrdən sonra isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən müxtəlif üsullardan istifadə edilərkən məlumatlar yığılırdı. Bunun nətiəsində I Qarabağ müharibəsində itkin düşmüş insanların siyahısı tərtib edildi. II Qarabağ müharibəsindən bir neçə ay sonra Azərbaycan mina xəritələri ilə yanaşı itkin düşmüş vətəndaşlarımızın taleyi ilə bağlı da dəqiq informasiyalar tələb edildi.

Həmçinin azərbaycanlıların xüsusi vəhşiliklə kütləvi qətli və kütləvi məzarlıqlarla bağlı da məlumatlar tələb olundu. Bununla bağlı da məlumatlar mövcuddur.

Məsələ ilə bağlı araşdırmalar davam edir. Sonuncu itkin və ya əsir götürülmüş vətəndaşımızın taleyi ilə bağlı informasiyalar dəqiqləşənə qədər bu proses davam edəcək”.

Tofiq Zülfüqarov hesab edir ki, müharibədən sonra həll olunmamış mövzular qalıb:

“İnsanlığa qarşı törədilmiş cinayətlərlə bağlı məlumatlar toplanıb beynəlxalq təşkilatlara təqdim edilməli və onların qarşısında bu məsələ qaldırılmalıdır. Tələb edilməlidir ki, bu cinayətləri törədənlər mütləq məsuliyyətə cəlb edilsin.

Problemin çözülməsində təbliğat da çox vacib rol oynaya bilər. Çünki bu hadisələr barəsində əldə olunan məlumatlara əsasən beynəlxalq ictimaiyyət xəbərdar edilməlidir. Sözsüz ki, bu, çətin bir məsələdir. Biz bilirik ki, xarici mediada işlər apararkən müxtəlif üslüblar seçilməlidir. Qərbdə isə bu məsələlərə yanaşma bir qədər fərqlidir.

Səfir və digər vəzifələrdə çalışarkən bu məsələlərlə çox qarşılaşmışıq. Burada ən vacib məqam isə təzminat məsələsidir. Bu da lazımi şəkildə istifadə ediləcək bir istiqamət olmalıdır. Bununla biz qarşı tərəfi həmişə təzyiq altında saxlamalıyıq ki, bundan sonra o hansısa bir cinayətlərə yenidən əl atmağa fürsət tapmasın. Beynəlxalq təşkilatlarla da bu mövzu ətrafında mütəmadi olaraq iş aparılmalıdır”.

Milli Məclisin deputatı Elman Məmmədov Beynəlxalq İtkinlər Gününün Azərbaycan üçün çox ağrılı və acılı bir tarix kimi qeyd edildiyini söyləyib:

“I Qarabağ müharibəsindən sonra 4 minə yaxın azərbaycanlının taleyindən heç bir məlumat yoxdur. Ermənistan I Qarabağ müharibəsi nəticəsində itkin və ya əsir düşümüş azərbaycanlılar haqda dəqiq informasiyaları təqdim etməkdə maraqlı deyil. İtkin və ya əsir götürülmüş azərbaycanlılar öz yaşadıqları ərazilərdə əsir düşməyib. Onlar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində əsir və ya girov götürülüb. Bu insanların içərisində mülki şəxslər çoxluq təşkil edir. Qadınlar, körpələr, uşaqlar, yaşlı insanlar Ermənistan tərəfindən əsir və ya girov götürülüb. Amma bu günə qədər onlar barəsində heç bir məlumat almaq mümkün olmayıb.

Çox təəssüf ki, həmin dövrdə bu işlə məşğul olmalı olan beynəlxalq qurumlar məsuliyyətsiz və səhlənkarlıq etdilər. Nəticədə ermənilər azərbaycanlıları əsir və girov kimi saxladılar. Azərbaycan tərəfi haqlı olaraq bütün beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı məsələ qaldırır. Ölkəmiz öz ərazi bütövlüyünü təmin etmək üçün başlamış olduğu əks hücum əməliyyatından sonra Azərbaycan ərazisində saxlanılan erməni terrorçuları ilə bağlı az qala bütün dünyaya səs salmağa çalışırlar.

Çox təəssüf ki, ermənilərin bu hay-küyünə də beynəlxalq təşkilatlar dəstək veririr. Belə məqamda bir daha 4 minə yaxın Azərbaycan vətəndaşının taleyi gündəmə gəlir. Necə olur ki, azərbaycanlıların taleyi ilə bağlı beynəlxalq təşkilatlar konkret mövqe ortaya qoymur. Amma Azərbaycanın suveren ərazisində 10 noyabr 2020-ci il üçtərəfli bəyanatdan sonra saxlanılan erməni diversantlarla bağlı az qala biz gündə bəyanatlar eşidirik...”

Elman Məmmədova görə, itkin və əsir götürülmüş azərbaycanlıların taleyinə beynəlxalq təşkilatların yanaşması məhz ikili standartlara əsaslanır:

“İstəyimiz, tələbimiz odur ki, 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı hər hansı məlumat təqdim edilsin. Ümumiyyətlə, müharibə dövründə azərbaycanlıların əsir və girov götürülməsində, kütləvi şəkildə qətlə yetirilməsində məqsəd soyqırım siyasətinin icrası olub. Ermənilər Anadoluda, Türkiyə ərazisində belə bir siyasət həyata keçirirdilər. Onlar əraziləri işğal edib erməniləşdirmək üçün həmin bölgələri müsəlmansızlaşdırma, türksüzləşdimrə siyasəti həyata keçirib.

Sözsüz ki, Azərbaycan dövləti II Qarabağ müharibəsindən sonra əsir və itkin düşmüş soydaşlarımızla bağlı məsələni gündəmdə saxlayıb. Bu adamlar barədə bütün məlumatlar, istintaq materialları mövcuddur. Eyni zamanda azərbaycanlı əsirlərə qarşı cinayət törətmiş ermənilərin də siyahısı var. Bu məlumatlar beynəlxalq təşkilatlara təqdim edilib”.


Oxunma sayı: 16479

Oxşar yazılar