Rusiya bu ssenaridən Suriya və Balkanlarda istifadə edib - ŞOK

  • 14:35 - 20 Avqust

“Genişmiqyaslı işğaldan sonra 6 ay ərzində Rusiya Ukraynaya qarşı informasiya müharibəsində uğur qazana bilməyib. Kəşfiyyat xarakterli saxta informasiyalar isə asanlıqla yox edilib”.

Avropa.info musavat.com-a istinadən xəbər verir ki, Böyük Britaniya kəşfiyyatının rəhbəri Ceremi Fleminq “The Economist” jurnalına yazdığı məqalədə bu fikirləri səsləndirib.

“Fevralın 24-də başlayan işğal hərəkatında olduğu kimi, ilkin onlayn planları iflasa uğrayıb. Prezident Putin Ukrayna və Qərbdəki informasiya müharibəsini tamamilə uduzub. Bu, bayram üçün səbəb olsa da, biz Rusiyanın dezinformasiya siyasətinin dünyanın digər yerlərində necə işlədiyini düzgün qiymətləndirməliyik”, - deyə yazıda qeyd edilib.

Britaniya kəşfiyyatının rəhbəri kibermübarizənin də fiziki müharibə qədər qəddar və dağıdıcı olduğunu söyləyib.

Ceremi Fleminqin bildirdiyinə görə, hücumdan bir ay əvvəl Rusiya hərbi kəşfiyyatı Ukrayna hökumət sistemlərini məhv etmək və zədələmək üçün “WhisperGate” zərərli proqram təminatını hazırlayıb.

İşğal günündə hərəkat başlamazdan bir saatdan az əvvəl Rusiya Ukrayna ordusu, hökuməti və mülki şəxslərin istifadə etdiyi “Viasat” peyk şəbəkələrini hədəfə alıb. Hücum qonşu ölkələrə də yayılaraq, külək stansiyalarından internetə çıxışa qədər bütün xidmətlərə sirayət edib.

Lakin birgə səylərlə bu problemlər tez bir zamanda aradan qaldırılıb.

Fleminq onlayn dezinformasiyanın Rusiyanın Ukrayna və onun hüdudlarından kənarda çaşqınlıq və xaos yaratması kampaniyasının əsas hissəsinə çevrildiyini bildirib. Rusiya bu ssenaridən əvvəllər, xüsusən də Suriya və Balkanlarda istifadə edib.

Ceremi Fleminq Britaniya kəşfiyyatının bu dezinformasiyanın qarşısını almaq üçün müharibə xəbərdarlığından tutmuş, kəşfiyyat məlumatlarının sürətli açıqlamalarına, Rusiyanın yalanlarının təkzibinə qədər bütün addımları atdığını vurğulayıb.

O, Ukraynanın 2014-cü ildə Krımın işğalından sonra Rusiyanın kiberhücumlarından qorunmaq üçün “rəqəmsal qala” qurduğunu, rəsmi Kiyevin bu sahədə olduqca effektiv çalışdığını əlavə edib.


Oxunma sayı: 1838

Oxşar yazılar