Əbdürrəhim bəy Haqverdiyevin qardaşı nəvəsi Şuşada - VİDEO

  • 17:06 - 19 Avqust

Görkəmli yazıçı-dramaturq, Azərbaycanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyevin Almaniyada yaşayan qardaşı nəvəsi Nəsimi Sadıqov Azərbaycan Respublikasının Prezidentinə və Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib.

Avropa.info xəbər verir ki, hər il doğma Azərbaycana gəldiyini bildirən soydaşımız builki gəlişinin əvvəlkilərdən çox fərqli olduğunu söyləyib:

“Qürbətdə yaşasaq da, ürəyimiz hər zaman doğma Azərbaycanımızla döyünüb. İllərlə ürəyimizdə vətən həsrəti, Qarabağ nisgili gəzdirmişik. Bu gün isə həsrət və nisgilin yerində qürur var. Bü qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Ordusuna  minnətdarlığımız sonsuzdur. Bu il Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib, Şuşaya səfər etmək istəyində olduğumu bildirmişdim. Görkəmli dramaturq, ictimai xadim Əbdürrəhim bəyin qardaşı Həmid bəyin nəvəsi olaraq baba ocağımızı ziyarət etmək istəyində olduğumu bilən komitə əməkdaşları mənə böyük diqqət göstərdilər və 17 avqust tarixində Şuşaya getməyin mümkün olduğunu bildirdilər. Bu, mənim üçün ən böyük arzu və hədsiz sevinc idi”.

N.Sadıqov qeyd edib ki, Azərbaycanın qəhrəman oğullarının açdığı cığır boyu salınan Zəfər yolu ilə irəlilədikcə tarixi qələbəmizin nə qədər böyük çətinliklərə sinə gərərək əldə edildiyinin bir daha şahidi olub: “Hər addımda şəhidlərimizi anıb, qazilərimizə cansağlığı diləyərək əziz Şuşamıza gəlib çatdıq. Şuşanın yetirməsi olan görkəmli Əbdürrəhim bəyi boya-başa çatdıran babamız Həsənalı bəyin nəvələrindən ilk olaraq bu torpağa 30 ildən sonra mənim ayağım dəydi. Babalarımızın ayaq izləri olan Şuşanın küçələrində gəzdim. Havasını ciyərlərimə çəkib, suyundan doyunca içdim. Sevincim və qürurum yerə göyə sığmırdı. Çünki mənim və milyonlarla azərbaycanlının ən böyük arzusu olan azad Şuşamızda idim.

Xaricdə yaşayan azərbaycanlılara bu imkanı yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Diasporla İş Üzrə Dövlət Komitəsinin əməkdaşlarına “çox sağ olun!” deyirəm. Komitə sədri cənab Fuad Muradovun məni qəbul etməsi və Şuşanın yetirməsi olan görkəmli Əbdürrəhim bəyin yaxın qohumu kimi mənimlə görüşərək, gələcək planlarla bağlı müzakirə aparması, Azərbaycanın ictimai-siyasi və ədəbi mühitində böyük xidmətləri olan Əbdürrəhim bəy Haqverdiyevə hörmət və ehtiramın göstəricisi idi. Buna görə bütün qohumlar adından hörmətli Fuad müəllimə dərin minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, ata-baba yurdunu ziyarət edən N.Sadıqov Şuşada Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramına müsahibə verib.


Oxunma sayı: 4445

Oxşar yazılar