Britaniyalı nazir Azərbaycan səfirliyinə hücumu PİSLƏDİ

  • 21:40 - 15 Avqust

Böyük Britaniyanın Avropa naziri Qrem Stüart Azərbaycanın Londondakı səfirliyindəki insidentlə bağlı ölkəmizin krallıqdakı diplomatik korpusunun rəhbəri Elin Süleymanovla görüşüb.

Avropa.info xəbər verir ki, nazir Britaniya hökumətinin ölkədəki bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinə verdiyi önəmi vurğulayıb və məlum hadisənin baş verməsindən dərin təəssüf hissi keçirdiyini bildirib.

Nazir, həmçinin qeyd edib ki, Böyük Britaniya ifadə azadlığı hüququnu dəstəkləmək ənənəsinə malikdir. Lakin bu, dinc və qanuni nümayişlər vasitəsilə həyata keçirilməlidir.

Britaniyalı nazir görüş zamanı Azərbaycan səfirliyinə hücumu pislədiyini vurğulayıb.

Xatırladaq ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb. Hücumla əlaqədar 8 nəfər saxlanılıb.


Oxunma sayı: 1662

Oxşar yazılar