İcra nümayəndəsindən Zabuxda baş verənlərlə bağlı AÇIQLAMA – FOTO

  • 13:56 - 15 Avqust

Laçın Rayon İcra Hakimiyyəti başçısının Zabux inzibati ərazisi üzrə nümayəndəsi Elsevər Əliyev Musavat.com-a açıqlamalar verib.

O bildirib ki, Zabux inzibati ərazi vahidi 4 kəndi əhatə edir. Bunlar Zabux, Sus, Qızılca və Bəylik kəndləridir. Bu kəndlərin heç birində erməni əhalisi yaşamayıb. Ermənilər o kəndlər 1992-ci ildə işğal olunduqdan sonrakı illərdə orada qanunsuz olaraq məskunlaşdırılıb:

“Həmin kəndlərin ərazisində 7-8-ci əsrə aid azərbaycanlılara məxsus abidələr var idi. Abidələrin hamısını ermənilər dağıdıb məhv ediblər. Ermənilər Zabuxda və digər kəndlərdəki azərbaycanlılara məxsus evləri söküblər, yandırıblar. İndi oradan köçürlər. Hələ ki, həmin evləri yandırdırdıqları barədə məlumatlar olmasa da, köçərkən qapı-pəncərələrini söküb apardıqları haqda informasiyalar var. Bizə torpağımız lazımdır. Bizim camaat doğma kəndlərimizə qayıtmaq istəyir və qayıdacaq. Şübhəsiz ki, kəndlər bizə təhvil verildikdən sonra müvafiq qurumlar ərazidə, evlərdə mina olub-olmadığını da araşdıracaqlar”.

İcra nümayəndəsi onu da qeyd edib ki, keçən ayın statistikasına görə, 4 kənddən ibarət Zabux kənd nümayəndəliyi 489 ailədən - 1652 nəfərdən ibarətdir:

“Bu əhali 1992-ci ildəki erməni işğalından sonra 33 rayonda məskunlaşıb. Daha çox məskunlaşma Abşeron, Ağcabədi, Bərdə rayonlarındadır”.

“Zabuxda qanunsuz məskunlaşmış ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib orada yaşamaq istəsələr, Zabuxun yerli əhalisinin buna münasibəti necə olar” sualına icra nümayəndəsi belə cavab verib:

“Məncə, heç kim bunu yaxşı qarşılamaz. Çünki əvvəla ermənilər Zabuxda qanunsuz məskunlaşıblar. İşğaldan öncə Zabuxda erməni yaşamayıb. Hansısa erməni Azərbaycan vətəndaşlığını qəbul edərsə, onu ermənilərin kompakt yaşadığı ərazilərimizə yerləşdirmək olar”.

158ae2e2-c238-42de-b738-a1aefd31f1df.jpg (29 KB)

Oxunma sayı: 4071

Oxşar yazılar