Ukraynanın şərqindən və cənubundan evakuasiya: İnsanlar 4-5 gündür yoldadır

  • 23:09 - 14 Avqust

Ölkənin cəbhəyanı rayonlarından təxliyə edilən Ukraynanın mülki əhalisi günlərlə ölkənin nisbətən təhlükəsiz bölgələrinə getməyə məcbur olur. 

Minlərlə insan 200-300 km yol qət etməli olur, yolların bərbad olması və körpülərin dağılması səbəbindən yol müddəti 4-5 gün çəkir. 

Təxliyə edilən Xerson, Donbas və Zaporojye sakinləri ilk növbədə Zaporojye vilayətinin Vasilyevka kəndinə gəlməlidirlər və burada xüsusi hərbi keçid məntəqəsi yerləşir. Bu, Ukraynanın şərqindən və cənubundan çıxan mülki vətəndaşlar üçün yeganə keçid məntəqəsidir. 

Avropa.info xəbər verir ki, "Anadolu" agentliyinin əməkdaşları xüsusi icazə alan onlarla avtomobil karvanının mülki vətəndaşlarla birlikdə Zaporojyedəki keçid məntəqəsinə keçmə anını lentə alıb. 

29 yaşlı Natalya (soyadını açıqlamayıb) iki uşaqla birlikdə Berdyanskdan təxliyə edildiyini bildirib. “Bu, çox çətin bir yol idi. Çərşənbə axşamı, yəni dörd gündür yoldayıq”, - deyə o bildirib. 

Onun sözlərinə görə, o, Zaporojyedə qalmağa hazırlaşır: “Əlbəttə, Ukraynanın bu hissəsinə hərbi əməliyyatlar gəlməsə, müharibənin sonuna qədər burada qalacağam”. 

Qadın bildirib ki, Vasilyevkadakı hərbi keçid məntəqəsində şərait çox ağırdır. 

45 yaşlı Yelena 3 gündür yolda olduğunu bildirib. “Zaporojyedən Vasilyevkaya qədər mən torpaq yollarla tarlalardan keçməli oldum. Körpülər dağıdılır. Yollar çox pis vəziyyətdədir”, - deyə ukraynalı qadın bildirib. 

44 yaşlı Oksana Yurçenko da öz növbəsində Ukraynanın Donetsk vilayətinin Krasnı Liman sakinlərinin ailələrindən birinin avtomobilində gətirdiyini bildirib. 

O, həmyerlilərinə kömək etmək üçün könüllü olduğunu bildirib. “Yollar çox bərbad vəziyyətdədir. Artıq beş gündür yoldayıq. Bu dəfə bizə beş il kimi göründü”, - Yurçenko bildirib. 

Zaporojyedəki toplanış mərkəzinin koordinatoru Aleksey Savitski bildirib ki, müxtəlif yaşayış məntəqələrindən evakuasiya edilənlər bu mərkəzə aparılır və daha sonra başqa istiqamətlərə yönəldilir. 

Onun sözlərinə görə, mərkəzin açıldığı martın 9-dan indiyədək buraya 206 min insan gəlib. 

Hər gün təqribən 1500 insan tibbi xidmət, qida və ilkin ehtiyaclar almaq üçün gəlir. Sonra insanlar ölkənin müxtəlif bölgələrinə, yaxud Ukraynadan kənara göndərilir.


Oxunma sayı: 2806

Oxşar yazılar