Kim Çen In COVID-19 üzərində qələbəsini ELAN ETDİ – FOTO

  • 22:31 - 14 Avqust

Şimali Koreya lideri Kim Çen In koronovirus epidemiyası üzərində qələbə qazandığını elan edib.

Avropa.info xəbər verir ki, epidemiya ilə mübarizədə əməyi olan səhiyyə sektorunun nümayəndələri ilə görüşən Kim, qələbədə əməyi olanları təbrik edib. 

Epidemiya və ictimai səhiyyə sektorları ilə mübarizədə çalışanları "qanları bahasına ölkənin və xalqın təhlükəsizliyini fədakarlıqla müdafiə edən cəsur cəbhəçilərlə" müqayisə edən Kim, COVID-19 ilə mübarizədə ön cəbhədə olanları "zəmanın əsl vətənpərvərləri" kimi təsvir edib. Şimali Koreyanın sosial sisteminin “dünyanın ən yaxşısı” olduğunu qeyd edən Kim bu səbəbdən insan həyatının etibarlı mühafizəçilərindən gözləntilərinin çox yüksək olduğunu əlavə edib.

Kim Çen Inın bacısı və Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo-Conq dövlət mediası vasitəsilə Cənubi Koreyaya qarşı “epidemiya törətmək” ittihamını təkrarlayıb. Cənubi Koreya sərhədindən şarlarla göndərilən təbliğat broşürlərinin və xarici əşyaların COVID-19-u ölkəyə daşıdığını qeyd edən Kim Yo-Conq, Seulun sərhəddən göndərilən obyektlərin qarşısını ala bilməsə, qisas alacağı ilə hədələyib. 

Digər tərəfdən, mayın 12-də ilk yoluxma faktını rəsmən təsdiqləyən Şimali Koreyada dövlət mediası iyulun 29-dan bəri heç bir “şübhəli hadisə”nin olmadığını açıqlayıb. Kifayət qədər COVID-19 test qabiliyyətinin olmaması səbəbindən yoluxmanın faktiki sayının bilinmədiyi güman edilən ölkədə 4,77 milyon hadisə dövlət tərəfindən təsdiqlənib. Mayın 12-dən indiyədək epidemiya səbəbindən 74 nəfərin öldüyü bildirilir.


Oxunma sayı: 4170

Oxşar yazılar