Avropa İttifaqı Gürcüstandan narazıdır - Xüsusi hesabat

  • 17:29 - 14 Avqust

Avropa İttifaqı (Aİ) Gürcüstanla imzalanmış assosiasiya sazişinin yerinə yetirilməsi ilə bağlı növbəti hesabatını yayımlayıb.

Avropa.info xəbər verir ki, hesabatda Gürcüstan tərəfindən son 1 il ərzində həyata keçirilən islahatlar və mövcud vəziyyətlə bağlı problemlər öz əksini tapıb.

Qeyd edilir ki, nəticə Aİ-Gürcüstan Assosiasiya Şurasının sentyabrın 6-da keçiriləcək iclası üçün hazırlanmış xüsusi hesabatda yer alıb:

“Gürcüstan çətin şəraitdə islahatlar yolu ilə getməyə davam edib. Bununla belə, biz qanunun aliliyi, idarəetmə və insan hüquqları kimi əsas sahələrdə geriləməni qeydə aldıq. Gürcüstan Avropa perspektivini nəzərə alaraq Aİ ilə münasibətlərin yeni mərhələsinə qədəm qoyması ilə əlaqədar olaraq, vətəndaşların bəyan edilmiş məqsəd və istəklərinə uyğun məsuliyyətli və ardıcıl yanaşma nümayiş etdirməlidir”, - deyə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel hesabatda vurğulayıb.

Avropanın qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheli isə qeyd edib ki, Aİ Gürcüstana namizəd statusu verməyə hazır olduğunu elan etdikdən sonra “top" meydanın Gürcüstana aid olan hissəsindədir:

"Demokratiya, məhkəmə islahatları, qanunun aliliyinin gücləndirilməsi, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizəyə ciddi sadiqlik başlıca əhəmiyyət əsas olacaq".

Məlumatda, həmçinin bildirilib ki, ötən 1 il ərzində məhkəmə sahəsində müvafiq islahatların aparılması istiqamətində ləngimələr qeydə alınıb və mənfi tendensiya mövcuddur.

Bundan əlavə, qeyd edilib ki, Gürcüstanda rəqabətli media mühiti mövcuddur, ancaq mediada hələ də qütbləşmə özünü göstərməkdədir. Eyni zamanda diqqətə çatdırılıb ki, Gürcüstan 2022-ci il dünya mətbuat azadlığı indeksinə görə, 180 ölkə arasında 89-cu yerdə qərarlaşır.


Oxunma sayı: 1530

Oxşar yazılar