Argentina ABŞ-ın tələbi ilə Venesuela təyyarəsini müsadirə etdi – SEPAH-la əlaqə İDDİASI

  • 17:33 - 12 Avqust

Argentina ABŞ-ın tələbi ilə Venesuelaya məxsus yük təyyarəsini müsadirə edib. ABŞ-ın bir müddətdir ki, təyyarəyə qarşı sanksiyalar tətbiq etdiyi bildirilir.

Avropa.info xəbər verir ki, Argentinada iyun ayında saxlanılaraq ABŞ-ın sanksiyalar tətbiq etdiyi Venesuela aviaşirkətinə təhvil verilən yük təyyarəsinin müsadirə edilməsinə qərar verilib. 

Argentina mətbuatında yer alan xəbərə görə, Federal hakim Federiko Villena ABŞ-ın tələbi ilə İran hava yolu şirkətindən Venesuela hava yolu şirkətinə transfer edilən yük təyyarəsinin müsadirə edilməsinə qərar verib. 

Bildirilib ki, Villena Argentina ilə ABŞ arasında qarşılıqlı hüquqi yardım müqaviləsini əhatə edən qanun çərçivəsində təyyarənin müsadirə edilməsinə qərar verib. 

İyunun əvvəlindən Argentinanın paytaxtı Buenos-Ayres yaxınlığındakı Beynəlxalq Ezeiza Hava Limanında olan təyyarənin taleyini Argentina və ABŞ yurisdiksiyası həll edəcək. 

ABŞ-ın məhkəmə sistemi avqustun əvvəlində Venesuela təyyarəsinin müsadirə edilməsinə dair sərəncam verib və onu Argentina hakimiyyətinə çatdırıb. 

Venesuela təyyarəsinin Argentinada saxlanması Venesuela hökumətində narahatlıq yaradıb. 

Venesuela prezidenti Nikolas Maduro təyyarənin və ekipajın Argentinada dayanmasını sərt şəkildə tənqid edərək, “Onlar həyasızcasına Argentinada bizi soymağa çalışırlar” deyib. 

ABŞ-ın sanksiya tətbiq etdiyi İranın “Mahan Airlines” şirkətindən istifadə hüququ Venesuelanın “Conviasa” dövlət aviaşirkətinin törəmə şirkəti olan “Emtrasur Cargo”ya təhvil verilən YV3531 qeydiyyat nömrəli “Boeing 747-300” tipli yük təyyarəsi iyunun 6-da Karakasdan Argentinaya gəlib.  

"Anadolu" agentliyinin xəbərinə görə, iyunun 7-də Karakasa dönməsi planlaşdırılan təyyarə yanacaq çatışmazlığı səbəbindən bu uçuşu edə bilməyib, yanacaq almaq üçün iyunun 8-də Argentinadan Uruqvaya yola düşüb, lakin Uruqvay hava məkanını bağladıqdan sonra heç bir yanacaq almadan Argentinaya qayıdıb. 

Təhlükəsizlik qüvvələri tərəfindən axtarılan yük təyyarəsinin avtomobil hissələri daşıdığı müəyyən edilib. Argentina İsrail Dərnəkləri Nümayəndəliyi (DAİA) təyyarə və ekipajı araşdırmaq üçün şikayət ərizəsi ilə müraciət edərək, iranlı ekipajın ABŞ-ın terror təşkilatı elan etdiyi İran İnqilab Keşikçiləri Ordusunun Qüds Gücü ilə əlaqəsi olduğunu iddia edib. 

5 iranlı və 14 venesuelalıdan ibarət təyyarənin ekipajının pasportları müsadirə edilib və ölkədən çıxışa qadağa qoyulub. Daha sonra hakim Villena Mehdi Museli və ekipajdan olan 11 venesuelalıya ölkədən çıxmaq qadağasını ləğv edib. 

ABŞ Federal Təhqiqat Bürosu (FTB) təyyarənin kapitanı Qolamrza Qaseminin İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələri ilə əlaqəsi olduğuna dair sənədlər hakim Villenaya göndərib.


Oxunma sayı: 3180

Oxşar yazılar