Heydər Camalın nəvəsi: “Babamı sonuncu dəfə görəndə...” - VİDEO

  • 13:22 - 12 Avqust

Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsinə Rusiyadan qatılanlardan biri də Mansur Camal olub.

Avropa.info xəbər verir ki, o, məşhur ilahiyyatçı, şərqşünas-islamşünas alim və filosof Heydər Camalın nəvəsi və rejissor-jurnalist Orxan Camalın oğludur. Əslən Şuşadan olan ata-oğul Camallar Rusiya informasiya məkanında hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə etməklə məşhurlaşıblar.

Mansur Camal Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramına müsahibə verib və babası ilə bağlı xatirələrini, eləcə də ilk dəfə baba yurdu Şuşada olmağın sevincini bölüşüb.

Yay Düşərgəsində diaspor gəncləri ilə görüşə dəvət olunan Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Zöhrab Dadaşov həmin anlarda rəngli boya ilə gənc soydaşımızın rəsmini çəkib və ona hədiyyə edib.

Qeyd edək ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində gerçəkləşdirilib. Düşərgənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi olub. 

Bu möhtəşəm layihədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri olub. Düşərgədə tarixi şəxsiyyətlərimizin, tanınmış nəsillərin xaricdə yaşayan nəvə-nəticələri və varislərindən bir neçəsi də iştirak edib.

Layihənin xalqımızın Qarabağda parlaq qələbəsindən və Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayından sonraya təsadüf etməsi xüsusi önəm daşıyır. 2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları hər zaman tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə, ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.

Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.


Oxunma sayı: 1453

Oxşar yazılar