Fəxrəddin Altun: "Bu hücumlar özəl sektoru, dövlət qurumlarını hədəf ala bilər"

  • 12:58 - 11 Avqust

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Beynəlxalq Media İnformasiya Assosiasiyası tərəfindən təşkil edilən “Yeni Media və Rəqəmsal Terrorizm” mövsusunda keçirilən tədbirdə çıxış edib.

Avropa.info xəbər verir ki, medianın, informasiyanın hazırlandığı və yayıldığı bir sahə olduğunu ifadə edən Altun “Bu sahə bundan on il əvvəllə müqayisədə ciddi dəyişikliklər yaşayıb. Son on ildə media mədəniyyətimiz dramatik şəkildə dəyişib. Sosial medianın hər bir elementini özündə ehtiva edən bu yeni nizamı “yeni media” kimi konseptuallaşdırırıq. Bu yeni nizamda olmaq və ya olmamaq, rəqəmsal imkanlardan səmərəli istifadə edib-etməmək, fərdlərin, cəmiyyətlərin və ölkələrin bu gününü və gələcəyini formalaşdıran təsirə malikdir”, – deyə bildirib.

İqtisadiyyatdan diplomatiyaya, cinayət araşdırmalarından dövlət siyasətinə qədər bir çox sahəyə sirayət edən rəqəmsallaşma reallığı, şübhəsiz ki özü ilə birlikdə fürsətlər və risklər gətirdiyini qeyd edən Altun bunları deyib:
“Ölkəmiz kiber sahədə də ən çox təhdid və hücumlara məruz qalan ölkələr sırasındadır. Bəs niyə bu təhdidlər və hücumlar bizə yönəlib? Bu həm Türkiyəni regional və qlobal müstəvidə mərkəzi mövqeyə yerləşdirən xarici siyasət həmlələrimiz, həm də qlobal informasiya və təbliğat mərkəzlərinə qarşı göstərdiyimiz müqavimətdir. Bunu daha konkret olaraq ifadə etsək bu Prezidentimizin apardığı haqq mübarizəsidir. Ortaya qoyduğumuz tutduğumuz qətiyyətli mövqe, Türkiyəni əvvəlki kimi beynəlxalq asılılıq nizamına məhkum etmək istəyənlərin hüzurunu pozur. Onlar da yeni üsullar tətbiq etməklə nəticə əldə etməyə çalışırlar. Bu üsullar kiberhücumlar, virtual aləmdə həyata keçirilən dezinformasiya, qara təbliğat və beşinci kolon fəaliyyəti, blokçeyn texnologiyaları ilə ortaya çıxan təhlükəsizlik problemləri və terror təşkilatlarının rəqəmsal dünyada fəaliyyətləri olaraq qarşımıza çıxır. Bu hücumlar həm özəl sektoru, dövlət qurumlarını və təşkilatlarını, həm də şəxsləri birbaşa hədəfə ala bilir”.

2022-ci ilin ilk üç ayında dünya üzrə ümumilikdə 6 milyon 137 min 330 kiberhücumun aşkarlandığını deyən Altun, bu sahənin nə qədər əhəmiyyətli olduğunu xatırlatdığını və kiberhücumların təkcə insanları deyil, eyni zamanda internet əlaqəsi olan bütün obyektləri də hədəf ala bildiyini söyləyib.

Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə son 20 ildə bütün sahələrdə olduğu kimi rabitə və informasiya texnologiyaları infrastrukturunu gücləndirdiyini bildirən Altun “Kommunikasiya İdarəmiz tərəfindən aparılan Sosial Şəbəkə Xəritəsi araşdırmasının nəticələri də rəqəmsallaşmanın ölkəmizdə necə geniş vüsət aldığını ortaya qoyur. Araşdırmalarımıza görə, 2022-ci ilin ilk 6 ayında ölkəmizdə internetə çıxış miqyası 94,5 faiz təşkil edib. İnternetə çıxış sürəti çox yüksək olan vətəndaşlarımızın 98,5 faizi sosial şəbəkələrdən istifadə edir. Bundan əlavə, istifadəçilərin 85 faizi mobil internetdən istifadə edir. Bu göstəricilər Türkiyə cəmiyyətinin böyük miqyasda internetə çıxışı olduğunu və gündəlik həyatda sosial şəbəkələrdən tez-tez istifadə etdiyini göstərir. Digər tərəfdən, internetə çıxış sürətinin yüksək olduğunu nəzərə alsaq, təbliğat fəaliyyətlərinin bu sahədə artdığını rahatlıqla deyə bilərik. Yüksək giriş və istifadə miqyasının təmin etdiyi üstünlüklərlə yanaşı, rəqəmsal məcrada törədilən cinayətlərə, rəqəmsal terrorizmə, dezinformasiyaya məruz qalma ehtimalına qarşı da tədbir görməliyik.”, – deyə bildirib.

Altun Türkiyənin dünyada dezinformasiyaya ən çox məruz qalan ölkə olmasının bir çox araşdırmalarda da ortaya çıxdığına diqqət çəkərək sözlərinə belə davam edib:

“Kommunikasiya İdarəsi olaraq ölkəmizə qarşı dezinformasiyaya qarşı mübarizədə bir çox işlər gördük və şükürlər olsun ki müsbət nəticələr də əldə etdik. Ancaq üzləşdiyimiz təhlükənin böyüklüyünü hamımız bilirik. Bu sahədə işimizi fərqli müstəviyə keçirdik və bu yaxınlarda müstəqil bölmə kimi Dezinformasiya ilə Mübarizə Mərkəzimizi yaratdıq. Bu mərkəz ölkəmizə qarşı aparılan sistemli dezinformasiya, yalan terrorunu zərərsizləşdirmək və həqiqətləri xalqımıza təqdim etmək üçün fəaliyyət göstərəcək. Bu istiqamətdəki səylərimizin daha konkret sahədə, daha intizamlı şəkildə davam etdirilməsini təmin edəcək. İnanıram ki həm dezinformasiya və yalanla mübarizədə həm də həqiqətin önə çıxarılması baxımından yeni uğurlar qazanacağıq”.

Altun Türkiyənin PKK/YPG və FETÖ kimi terror təşkilatlarının sadəcə fiziki hücumları ilə deyil dezinformasiya xarakterli hücumları ilə də hədəf alındığını və alınmağa davam etiyini vurğulayıb.


Oxunma sayı: 3499

Oxşar yazılar