SƏFİRLİYƏ HÜCUM EDƏNLƏR AZADLIQDADIR? – Azərbaycanın Böyük Britaniyadakı səfiri danışdı – Sensasion AÇIQLAMALAR...

  • 12:04 - 09 Avqust

APA-nın müxbiri hadisələr sonrasında Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovdan vəziyyət haqqında müsahibə alıb.

Musavat.com xəbər verir ki, həmin müsahibədə səfir bir sıra sensasion açıqlamalarla çıxış edib.

Elin Süleymanov deyib ki, hadisələr baş verən zaman səfirlikdə olmayıb:

"Səfirliyin əməkdaşlarının əksəriyyəti də həmin zaman məzuniyyətdə idilər. Həmin anda səfirlikdə yalnız 4 nəfər işləyirdi, hücumlar olan zaman isə 3 nəfər səfirlik binası daxilində idi, bunlardan biri də xanım əməkdaşımız olub. Mən də Bakıda idim. Bu hadisə baş verəndən sonra müvafiq görüşlər keçirən kimi dərhal Londona qayıtmışam".

Elin Süleymanov səfirlik əməkdaşlarının sosial mediada qınanmasına da münasibət bildirib:

"Bizim 3 diplomatımız səfirlik binasını tərk etmədən böyük bir kütləyə qarşı durub, səfirliyin içində olan vacib sənədləri qoruyub və bir saata yaxın səfirliyin içindən çıxmayıb, təhlükəsizlik protokoluna uyğun davranıb. Bu, böyük bir işdir. Onlar yalnız xüsusi polis əməliyyatı nəticəsində binadan çıxa biliblər. Əməkdaşlarımız böyük bir stress keçiriblər. Heç bir diplomat belə bir stressdən keçməməlidir. Onlar mülki şəxslərdir və mən çox şadam ki, onlara heç bir xəsarət dəyməyib. Bir səfir kimi əsas prioritet odur ki, bizim vətəndaşlarımız, diplomatik heyətimiz heç bir xəsarət almasın, onlara ziyan dəyməsin. Hücum zamanı müvəqqəti işlər vəkili olan Rəşad Vahabzadənin prioriteti də o idi və onlar tam şəkildə qaydalara və təhlükəsizlik protokoluna uyğun davranıblar. Lakin bizim əməkdaşlarımızın belə bir hücuma məruz qalmağı qəbuledilməzdir. Mən özüm çox narahatam ki, belə bir hadisə baş verib. Bizim diplomat da xalqın övladıdır, vətəndaşıdır, ailə üzvüdür. Faktiki olaraq onlar az qala terror aktının qurbanları ola bilərdilər. Azərbaycanın bir diplomatı, o cümlədən bir xanımı girov düşsə, onlara nəsə olsaydı, bu, daha dərin bir problem ola bilərdi. Belə bir hücumu edənlər Azərbaycana qarşı düşmənçilik hissi olan şəxslərdir və əsas qınaq onlara yönəldilməlidir. Böyük təzyiq və stress altında qalan diplomatlarımız hədəfdə olmamalıdır, hədəfdə bu vəhşi hücumu həyata keçirənlər olmalıdır".

Səfir açıq şəkildə bildirib ki, Britaniya polisindən narazıdırlar və diplomatik missiyaların təhlükəsizliyi sahəsində Londonda boşluqlar var:

"Bu narahatlığı istər Britaniya Xarici İşlər Nazirliyinə, istərsə də London polisinə bildirmişik. Azərbaycan tərəfi də bildiyiniz kimi, Britaniyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilini nazirliyə çağırıb və bu hücumla bağlı iradlar bildirib".

Səfir Elin Süleymanovun APA-ya müsahibəsində əsas sensasion məqam səfirliyə hücum edən 8 terroristlə bağlıdır. Belə məlum olur ki, İngiltərə polisi onları buraxa bilər, yaxud da artıq buraxıb. Bu məqamla bağlı müxbirin sualına və səfirin cavabına diqqət edək:

" - Saxlanılan 8 nəfərin istintaqını izləyirsinizmi? Onların sərbəst buraxılma ehtimalı varmı?

- Ola bilər. Britaniya tərəfinin öz qanun-qaydaları var. Mən bunu dəqiq deyə bilmərəm. Britaniya polisi kimisə yalnız 24 saat ərzində saxlaya bilər. Bu da onlardan asılıdır".

Belə aydın olur ki, Azərbaycan ərazisi sayılan Londondakı səfirliyimizi işğal edən terrorçular bəlkə də artıq azadlıqdadırlar və Azərbaycan tərəfi bununla bağlı hər hansı müqavimət göstərmək iqtidarında deyil... 

Səfir "Bu hücumun motivləri nələrdir" sualına da maraqlı, həm də heyrətamiz cavab verib:

"Mən hiss edirəm ki, bu hücumun əsas məqsədərindən biri Azərbaycan xalqının arasında bir qarşıdurma yaratmaq, bizi bir-birimizin əleyhinə çevirməkdir. Şükr olsun ki, Azərbaycan xalqı müdrik bir xalqdır. Hətta biz bundan sonra müşahidə etdik ki, Məhərrəmlikdə necə birlik göstərdik. Bu, çox vacibdir. Hansısa fitnəçilərin oyununa uymamalıyıq. Bu fitnəçilər Azərbaycanın zəifləməsini istəyirlər, Prezident İlham Əliyevin apardığı siyasət ilə Azərbaycanın güclənməsini istəmirlər. Bizim dövlətimizin dostları çox olsa da, kifayət qədər düşməni də var və kifayət qədər əleyhimizə çıxanlar da var. Görünür ki, onlar bu fürsətdən istifadə edərək, Azərbaycanın özünə, Azərbaycan və Böyük Britaniya arasında olan güclü tərəfdaşlığa, güclü münasibətlərə zərbə vurmaq məqsədi ilə belə bir aksiya planlayıblar.

Onu da əlavə etmək istərdim ki, İslam dininin əzizi, Əhli beytin övladı olan İmam Hüseynimizin adından belə bir kobud şəkildə istifadə etmək heç bir müsəlmana yaraşmır. İnsan heyrətə gəlir ki, eyni zamanda dinimizə qarşı, İmam Hüseynin xatirəsinə qarşı belə bir addımlar atırlar".

Səfir bildirib ki, Britaniya XİN Azərbaycandan üzr istəyib:

"Ancaq biz üzrxahlıq yox, təhlükəsizlik təminatı və daha çox bu istintaq məsələsində Britaniya tərəfinin fəal şəkildə rol oynamasını, istintaqı lazımi şəkildə aparmasını istəyirik, bu, çox vacib bir məsələdir".


Oxunma sayı: 4291

Oxşar yazılar