Dünyada ən çox buğda istehlak edən ÖLKƏLƏR: Azərbaycan neçəncidir? – SİYAHI

  • 20:03 - 08 Avqust

Rusiyanın Ukraynaya təcavüzündən sonra ərzaq təhlükəsizliyi, xüsusilə də buğda dünyanın gündəmində birinci yerdədir. Dünyanın əsas taxıl istehsalçılarından biri olan Ukraynanın işğalı qiymətlərin sürətlə artmasına səbəb olub. Bir çox ölkədə aclıq xəbərdarlığı edilərkən, Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarətində Türkiyənin vasitəçiliyi ilə taxıl məhsullarının daşınması ilə bağlı müqavilənin imzalanması taxıl yüklü gəmilərin yenidən limanları tərk etməsinə şərait yaradıb. 

Avropa.info xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2019-cu il məlumatlarına görə, Türkiyədə ildə adambaşına 169 kiloqram buğda və buğda məhsulları istehlak edilir. 

Bu nisbətlə Türkiyə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr arasında birinci, dünyada isə 7-ci yerdədir. 

Dünyada əhalinin sayına görə ən çox buğdanı hansı ölkələr istehlak edir? Türkiyədə adambaşına ildə nə qədər buğda istehlak edilir? Türkiyənin buğdada ustalıq səviyyəsi necədir? 

FAO-nun 2019-cu il məlumatlarına görə, Tunis dünyada ən çox buğda və buğda məhsulu istehlak edən ölkədir. Bu ölkədə adambaşına ildə 199 kq buğda istehlak edilir. Türkmənistan 190 kq ilə ikinci, Əlcəzair isə 182 kq ilə üçüncüdür. Bu ölkələri Azərbaycan (180 kq), Mərakeş (177 kq) və Özbəkistan (173 kq) izləyir. 7-ci yerdə olan Türkiyədə adambaşına illik buğda istehlakı 169 kiloqramdır.

Türkiyəni Əfqanıstan (162 kq), İran (156 kq), Misir (146 kq), İtaliya (144 kq), Gürcüstan (139 kq) və Rusiya (138 kq) izləyir. 

Avropa ölkələrində buğda istehlakının daha az olduğu görünür. Fransa 120 kq istehlakla 180 ölkə arasında 26-cı yerdədir. Sonrakı yerdə 116 kq ilə Yunanıstan gəlir.

35-ci yerdə olan İngiltərə 111 kq buğda istehlak edir, Almaniya isə 88 kq ilə 65-ci yerdədir. Türkiyədə buğda istehlakı Almaniyadan iki dəfə çoxdur. 

ABŞ-da adambaşına ildə 80 kq buğda istehlak edildiyi halda, Çində bu miqdar 66-dır. 

Dünyada ən az buğda istehlak edən ölkə 1 kq ilə Laosdur. Çad, Kamboca və Mərkəzi Afrika Respublikasında illik istehlak 3 kq-dır.

Digər tərəfdən, FAO rəsmilərinin açıqlamasına görə, məlumatlar əslində “buğda istehlakı” deyil, “buğda tədarükü”nü göstərir. Çünki “qida itkisi və tullantıları”nı dəqiq hesablamaq mümkün deyil. Buna görə də “buğda tədarükü” istehlak kimi qəbul edilir. 

Bəzi ölkələrdə insanların qida seçimləri buğda istehlakında təsirli olsa da, inkişaf etməmiş ölkələrdə buğda istehlakının az olmasının səbəbi təklifin az olmasıdır. İnsanlar buğda əldə edə bilmədiklərindən buğdanı istehlak edə bilmirlər.


Oxunma sayı: 11958

Oxşar yazılar