Rusiyadan AÇIQLAMA: İki ölkə arasında razılaşma əldə olundu – Ərdoğan və Putinin 4 saatlıq kritik Soçi görüşü sona çatdı

  • 21:42 - 05 Avqust

Rusiyanın Soçi şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında 4 saatlıq görüş keçirilib. Görüşdən sonra ilk açıqlama Rusiyadan gəlib. 

Avropa.info bildirir ki, TASS xəbər agentliyi Ərdoğan və Putinin nəqliyyat, kənd təsərrüfatı və tikinti sektorlarında əməkdaşlığı artırmaq barədə razılığa gəldiyini açıqlayıb. 

Rusiya baş nazirinin müavini Aleksandır Novak isə Ərdoğan və Putinin təbii qaz ödənişlərini qismən rublla etmək barədə razılığa gəldiyini açıqlayıb. 

Görüşdən sonra iki ölkənin birgə bəyanatı yayılıb. Birgə bəyanatda deyilir: 

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin 2022-ci il avqustun 5-də Rusiyanın Soçi şəhərində görüşüblər. 

İki lider Türkiyə-Rusiya münasibətlərini bütün mövcud regional və qlobal çağırışlara baxmayaraq, qarşılıqlı hörmət və qarşılıqlı maraqların tanınması əsasında və beynəlxalq öhdəliklərə uyğun olaraq inkişaf etdirmək üçün ortaq iradələrini bir daha təsdiq ediblər.

Bu anlaşma çərçivəsində liderlər Türkiyə-Rusiya ikitərəfli münasibətlərinin gündəmində olan məsələlərlə bağlı geniş məsləhətləşmələr aparıblar: iki ölkə arasında ticarət həcminin müəyyən edilmiş hədəflərə uyğun və balanslaşdırılmış əsasda artırılması, iki ölkənin iqtisadiyyat və enerji sahələrində bir-birindən gözləntilərinin qarşılıqlılıq çərçivəsində qarşılanması, nəqliyyat, ticarət, kənd təsərrüfatı, sənaye, maliyyə, turizm və tikinti kimi sektorlarda uzun müddətdir ki, iki ölkənin gündəmində olan məsələlərdə əməkdaşlığı gücləndirmək üçün konkret addımlar atmaq barədə razılığa gəliblər.

Liderlər regional məsələlər kontekstində Türkiyə ilə Rusiya arasında səmimi və etimada əsaslanan münasibətlərin regional və beynəlxalq sabitliyin yaradılması baxımından əsas əhəmiyyətini qeyd ediblər. 

Bu kontekstdə iki lider iki ölkə arasında konstruktiv əlaqələrin Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasına dair İstanbul sazişinin əldə olunmasında rol oynadığını təsdiqləyiblər. 

İki lider Rusiyanın taxıl, gübrə və gübrə istehsalı üçün lazım olan xammalın fasiləsiz ixracı da daxil olmaqla, İstanbul razılaşmasının məzmununa və ruhuna uyğun olaraq tam şəkildə həyata keçirilməsinin zəruriliyini vurğulayıblar. 

Suriyadakı son hadisələrin müzakirə edildiyi görüşdə liderlər ölkədə qalıcı həllə nail olmaq üçün siyasi prosesin irəlilədilməsinə əhəmiyyət verdiklərini vurğulayıblar. Suriyanın siyasi birliyi və ərazi bütövlüyünün qorunmasına verdikləri əhəmiyyəti qeyd edən liderlər, Suriyadakı bütün terror təşkilatlarına qarşı mübarizədə həmrəylik və koordinasiya içində hərəkət etmək əzmində olduqlarını bir daha təsdiqləyiblər. 

İki lider Liviyanın suverenliyi, ərazi bütövlüyü və milli birliyinə güclü sadiqliklərini vurğulayıblar. Liviyalılar arasında mümkün olan ən geniş konsensus əsasında azad, ədalətli və etibarlı seçkilərin keçirilməsinin vacibliyini vurğulayıblar və BMT-nin himayəsi altında Liviyanın rəhbərlik etdiyi və Liviyaya məxsus siyasi prosesi dəstəklədiklərini bir daha bəyan ediblər. 

Liderlər Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasının Türkiyədə keçirilməsi ilə bağlı razılığa gəliblər.


Oxunma sayı: 1728

Oxşar yazılar