Bakıda özünü dünya çempionu kimi təqdim edən şəxs bələdçini bıçaqladı – FOTO

  • 16:08 - 18 İyul

Bakıda özünü sərbəst güləş üzrə dünya çempionu kimi təqdim edən Tağızadə Məmmədağa Ruslan oğlu onu işə götürən Ələkbər Qasımovu bıçaqlayıb.

Avropa.info xəbər verir ki, bu barədə "report"a bıçaqlanan şəxsin bacısı Ramilə Bünyatova məlumat verib.

Onun sözlərinə görə, hadisə 33 yaşlı qardaşının yaşadığı Nəsimi rayonunun ərazisində baş verib:

"Qardaşım bir hoteldə bələdçi işləyir. İki gün əvvəl hotelin önündə Tağızadə Məmmədağa Ruslan oğlu qardaşıma yaxınlaşaraq ondan iş istəyib. Gəlib qardaşıma yalvar-yaxar edib ki, pula və işə ehtiyacım var, sərbəst güləş üzrə dünya çempionuyam. Qardaşım da ürəyi yumşaqlıq edərək buna razılaşıb".

R.Bünyatova daha sonra deyib: "Bu gün səhər saat 8 radələrində həmin şəxs qardaşımgilə gəlib. Qardaşım ona 70 manat pul uzadıb ki, maşınla turistləri filan yerə apar. Bundan sonra Ələkbər hamama əlini yumağa gedib. Elə həmin vaxt şüşə qabı onun başına vurub və bıçaqla boyun damarlarını kəsib. Qardaşıma deyib ki, mən bura sifarişlə gəlmişdim. Evdən onun 2 700 dollar və 1 000 manat da pulunu götürüb qaçıb. Qardaşım görüb ki, onu öldürəcək, pulun yerini deyib".

Zərərçəkmişin bacısı hadisəni törədən şəxsin əlamətlərini də açıqlayıb:

"Şəklinə yaxından baxmışam. Burnunun sınmasından bilinir ki, idmanla məşğul olub. 20 yaşı var, Salyan sakinidir. Evdən qaçanda Ələkbərin paltarlarını geyinib. Qardaşım xırıldayıb, Məmmədağa da bilib ki, o, ölüb. Ancaq şah damarını kəsməyib deyə, qardaşım sağ qalıb, başına tikiş qoyulub".

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, bu adda sərbəst güləş üzrə dünya çempionu yoxdur.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.


Oxunma sayı: 6040

Oxşar yazılar