Yanacaq qiymətləri BU HALDA ucuzlaşacaq – PROQNOZ

  • 22:24 - 13 İyul

ABŞ prezidenti Co Baydenin bu həftəyə planlaşdırılan səfəri bir çox aspektlərdən bütün dünyanın diqqət mərkəzindədir. Xüsusilə də, tərəflər arasında danışıqlarda Səudiyyənin neft hasilatını artırması məsələsinin müzakirəyə çıxarılması gözlənilir. Qərb mənbələrində sözügedən razılığın əldə olunması ehtimalı da yüksək qiymətləndirilir.

Dünyanın ən böyük neft ixracatçısının hasilatı artırmasının isə dünya bazarlarında neftin, eləcə də neft məhsullarının qiymətinə birbaşa təsir göstərəcəyi şübhəsizdir.

Avropa.info xəbər verir ki, mövzu ilə bağlı bizim.media-ya açıqlama verən Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şabanın sözlərinə görə, Səudiyyənin neft bazarına təsiri böyükdür:

“Səudiyyə Ərəbistanı 60 ildir ki, OPEC ölkələrinin “birinci skripkaçısı” rolunda çıxış edir və onların imkanları genişdir. Bu baxımdan 10 ölkənin hər biri ilə müzakirələr aparıb, hasilatı 1 milyon artırmağa razı salmaqdansa, Səudiyyənin özü qısa müddətdə hasilatı bu qədər, hətta bundan daha çox artırmaq gücündədir. Təbii ki, bunun da dünya bazarında təsirləri neftin ucuzlaşması istiqamətində olacaq”.

Ekspert qeyd edib ki, neft qiymətlərinin ucuzlaşması məsələsində bir digər nüans dünya iqtisadiyyatının artım tempilə bağlı ürəkaçmayan proqnozların verilməsidir:

“İstər Dünya Bankı, istərsə də Beynəlxalq Valyuta Fondu tərəfindən bu templər aşağı səviyyədə olacaq. Çünki Rusiya-Ukrayna müharibəsi bir çox ölkələr arasında ticarətin yavaşımasına, pozulmasına gətirib çıxarıb. Belə olan halda dünya bir müddət də aşağı ticarət tempi ilə yaşamağa məcbur olacaq və nəticə etibarilə enerjinin daha az istifadə olunur. Bu da enerji qiymətlərində özünü göstərir. İlin 4-cü rübündə neftin qiymətinin nisbətən azalması proqnozlaşdırılır. Lakin hal-hazırda bütün yanaşmalar nisbidir. Çünki dünən biz gördük ki, bir gün ərzində “Brent” markalı neftin qiyməti 7,3 dollar dəyər itirdi. Bu cür bir-iki hadisə olarsa neftin qiymətinin 80 dollara qədər ucuzlaşması heç də problem olmayacaq”.

İlham Şabanın ABŞ və Səudiyyə Ərəbistanı arasında mümkün razılaşmanın neft qiymətlərinə hansı müddətdə təsir edəcəyini də açıqlayıb:

“Qısa müddətdə birjalarda qiymətlərin azalması baş verəcək. Çünki bu bazarın reaksiyasını özündə əks etdirir. Lakin qiymətlərin hansısa həddə düşüb stabil olaraq mövqeyini qoruması zaman tələb edir. Səudiyyə bazara milyon barel əlavə neft çıxaracağıyla bağlı öhdəlik götürə bilər. Lakin bunun nə qədər vaxt tələb edəcəyi bazar üçün önəmlidir”.


Oxunma sayı: 7184

Oxşar yazılar