Madriddə NATO liderlərinin sammiti başladı – Ukraynaya hərtərəfli dəstək paketi GÜNDƏMDƏ

  • 14:11 - 29 İyun

İspaniyanın paytaxtı Madrid şəhərində NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti başlayıb. 

Avropa.info-nun məlumatına görə, Ukrayna ilə bağlı ilk sessiyada çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, sammit Rusiya və Çin kimi avtoritar rejimlərin mövcud dünya nizamına meydan oxuduğu daha rəqabətli dünyada NATO-nun güclənməsi üçün mühüm qərarlar qəbul edəcək. 

Sammit iştirakçıları Alyansın yeni Yol Xəritəsinə çevriləcək yenilənmiş NATO Strateji Konsepsiyasını qəbul etməli olacaqlar. 

İsveç və Finlandiya sayəsində NATO-nun çəkindirmə və müdafiə potensialı güclənəcək və bütün dünya görəcək ki, NATO-nun qapıları açıqdır, deyə hərbi-siyasi blokun rəhbəri davam edib. 

Stoltenberq deyib ki, sammit çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski NATO-ya üzv ölkələrin liderləri qarşısında çıxış edəcək və Ukraynaya hərtərəfli dəstək paketi də təsdiqlənəcək. 

Öz növbəsində İspaniyanın baş naziri Pedro Sançes bildirib ki, sammitdə qəbul ediləcək qərarlar NATO-nun gələcək 10 il ərzində imkanlarını və resurslardan istifadəsini müəyyən edəcək. 

“Dünya bizi izləyir. Biz hamıya birliyimizi və həmrəyliyimizi göstərəcəyik və ümidləri doğrulda biləcəyimizi göstərəcəyik”, - deyə İspaniya hökumətinin başçısı davam edib. 

Sançes həmçinin Türkiyə, Finlandiya və İsveçi Skandinaviya ölkələrinin Alyansa daxil olması ilə bağlı konsensus əldə etmələri münasibətilə təbrik edib. 

“Bu iki ölkənin NATO-ya daxil olması mühüm dönüş nöqtəsi olacaq”, - deyə baş nazir yekunlaşdırıb.


Oxunma sayı: 2025

Oxşar yazılar