İranda gərginlik pik həddə: Etirazlar və inflyasiya artır

  • 16:52 - 29 İyun

İranda neftçilər ikinci gündür ki, maaşlarına və hökumətin bahalaşmanın qarşısını ala bilməməsinə görə tətil edirlər. Rəsmi məlumata görə ölkədə inflyasiya iyun ayında 52.5 faizə yüksəlib.

Müqaviləli Neft İşçilərinin Etiraz Koordinasiya Mərkəzinin verdiyi məlumata görə Tehran neft emalı şirkətinin işçiləri maaşlarının artırılmasını, iş saatlarının azaldılmasını tələb edirlər. 

Avropa.info "Azadlıq" radiosuna istinadən xəbər verir ki, bu arada Qərb Neft və Qaz İstismarı şirkətinin sürücüləri və fəhlələri müəssisənin Dehlorandakı idarəsinin qarşısına toplaşıblar. Onlar maaşlarının aylarla verilməməsinə etiraz edirlər. İranda son həftələrdə fəhlələrin, pensiyaçıların, müəllimlərin və başqa qrupların etiraz aksiyaları keçirilib. Bu aksiyalarda da bahalığın qarşısının alınması, maaş və pensiyaların artırılması tələb olunub.

İran Statistika Mərkəzinin iyunun 28-də verdiyi açıqlamaya görə illik bahalaşma iyun qayında 13.2 faiz artaraq 52.5 faizə qalxıb. Hesabatda deyilir ki, ərzaq və tütün məmulatlarının qiymətləri 32.2 faiz artaraq 81.6 faizə çatıb. Qeyri-ərzaq mallarının və xidmətlərin qiymətləri isə 2.8 faiz artaraq 36.8 faizə yüksəlib. İran pensiyaçıları iyunun 28-də Əhvaz şəhərində etiraz yürüşü keçiriblər. Onlar minimum əməkhaqqının 10 faiz artırılmasına dair hökumət qərarının ləğvinə çağırırlar. İllərdir ABŞ sanksiyaları altında olan İranda vəziyyət pandemiya dövründə xüsusilə ağırlaşıb. Polis son etirazların bəzilərini zorakılıqla dağıdıb.


Oxunma sayı: 3675

Oxşar yazılar