Madriddə dördtərəfli sammit başa çatdı! Ərdoğan NATO-nu yola gətirdi: PKK terror təşkilatıdır – FOTO

  • 21:22 - 28 İyun

Çərşənbə axşamı Madriddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö, İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə dördtərəfli görüş keçirilib. 

Avropa.info xəbər verir ki, danışıqlar NATO liderlərinin sammiti çərçivəsində İFEMA Konqres Mərkəzində baş tutub. 

Müzakirələr mətbuata qapalı olub və iki saat davam edib. 

Məsləhətləşmələr NATO-nun baş katibi Yens Stoltenberqin təşəbbüsü ilə keçirilib. 

Türkiyə tərəfdən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fahrettin Altun, Türkiyə Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi Hakan Fidan iştirak edib. 

Sammit öncəsi çıxış edən NATO-nun baş katibi Stoltenberq, "Ərdoğanla bugünkü dördtərəfli görüşdə irəliləyiş əldə edəcəyimizə ümid edirik. NATO-ya daxil olacaq ölkələr bütün müttəfiqlərin təhlükəsizliyini nəzərə almalıdırlar" deyib.

Bundan əlavə, Stoltenberq Rusiya-Ukrayna müharibəsindən sonra bütün dünyaya təsir edən taxıl böhranı ilə bağlı verdiyi açıqlamada “Türkiyənin səylərinə görə minnətdaram” deyib.

Stoltenberq Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciətləri barədə danışaraq, bildirib ki, Finlandiya və İsveçin üzvlük üçün müraciətləri tarixi qərarlardır. "Finlandiya və İsveç NATO-nun təhlükəsizliyini gücləndirəcək və transatlantik alyans üçün mühüm əhəmiyyət kəsb edəcəklər. Lakin yeni ölkələr alyansa qoşulduqda, bütün müttəfiqlərinin təhlükəsizlik maraqlarını nəzərə almağımız gərəkdir. Türkiyə terror kimi məsələlərlə bağlı ciddi narahatlığını ifadə edib. Biz bilirik ki, heç bir NATO üzvü Türkiyədən daha çox terror hücumuna məruz qalmayıb. Minlərlə insanın həlak olduğu bu cür hücumlara görə PKK və digər terror qrupları məsuliyyət daşıyır. PKK terror təşkilatıdır. Ona görə də təbii ki, təhlükəsizliyimizi təhdid edən terrorla mübarizədə daha çox nə edə biləcəyimizi Türkiyə ilə müzakirə etməliyik”, - deyə o bildirib.

Digər tərəfdən, Türkiyə 1952-ci ildən üzvü olduğu NATO-nun açıq qapı siyasətini dəstəkləyən mövqe tutur. Soyuq Müharibədən sonrakı dövrdə o, 1999 və 2004-cü illərdə keçmiş Sovet bloku ölkələrinin alyansa qoşulmasını da dəstəkləyib. 

İsveç və Finlandiyanın iştiraka etiraz etmələrinin səbəbi bu iki Skandinaviya ölkəsinin “Türkiyənin terrorla mübarizəsini dəstəkləməməsi” və PKK terror təşkilatının Suriya qolu olan YPG-ni dəstəkləməsidir. 

Türkiyə həm İsveç, həm də Finlandiyanın PKK üzvlərinə ev sahibliyi etdiyini müdafiə edir. İsveçin YPG-yə hərbi texnika və maliyyə dəstəyi verdiyini bildirərək narahatlığını ifadə edən Türkiyə bu ölkədən tələb edilən 21, Finlandiyadan isə 12 nəfərin ekstradisiya edilməməsini də gündəmdə saxlayır.

Finlandiya və İsveç mayın 18-də NATO-ya üzvlük üçün rəsmi müraciət ediblər. 

Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Helsinki və Stokholm bloka qoşulmaq niyyətində olduqlarını bəyan ediblər. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya daxil olmasına razılıq verə bilməz, çünki bu ölkələr terror təşkilatlarına rəvac verir və Türkiyəyə qarşı sanksiyalar tətbiq edir. 

Türkiyə dövlətinin başçısı onu da qeyd edib ki, bu ölkələrin heç birinin terror təşkilatları ilə bağlı dəqiq və birmənalı mövqeyi yoxdur. 

NATO-nun baş katibi Yens Stoltenberq Helsinki və Stokholmun alyansa qoşulmaq niyyəti fonunda Türkiyənin təhlükəsizliklə bağlı narahatlığının legitimliyini və əsaslılığını dəfələrlə bəyan edib.


Oxunma sayı: 2696

Oxşar yazılar