BMT-dən Ukrayna ilə bağlı növbəti ÇAĞIRIŞ: Günahkarların məsuliyyətə cəlb olunması tələb edildi

  • 12:47 - 28 İyun

Ukraynadan dinc sakinlərin ölümünə və ya yaralanmasına səbəb olan “yeni hava zərbələri və artilleriya atəşi dalğası” barədə həyəcanlı xəbərlər gəlir. 

Avropa.info xəbər verir ki, bunu Nyu-Yorkda keçirilən brifinqdə BMT-nin sözçüsü Stefan Dujarrik deyib. 

“Cəmi bir neçə saat əvvəl Ukraynadakı həmkarlarımız bildirdilər ki, son vaxtlara qədər müharibənin təsirinə məruz qalmayan Kremençuq şəhərinin mərkəzinə raket düşüb. Ticarət mərkəzi vurulub və səlahiyyətlilər içəridə çoxlu sayda mülki şəxsin ola biləcəyinə inanırlar. Hələlik itki ilə bağlı dəqiq rəqəmlərə malik deyilik, lakin rəqəmlər nə olursa olsun, ticarət mərkəzinə edilən hər hansı hücum son dərəcə təəssüf doğurur”, - Dujarrik bildirib. 

Bu həftəsonu bir sözçünün dediyinə görə, paytaxt Kiyev yenidən vurulub, yaşayış binasına ziyan dəyib, bir neçə nəfər dağıntılar altında qalıb. Raketlər ölkənin qərbində, cəbhə xəttindən uzaq ərazilərə də düşüb. 

Dujarrik bildirib ki, Donbasda döyüşlər davam edir, burada BMT humanitar işçiləri ehtiyacı olanlara çatmaqda böyük çətinlik çəkirlər. Problemlər təkcə təhlükəsizliyin olmaması ilə deyil, həm də inzibati məhdudiyyətlərlə bağlıdır. “Bir daha bildiririk ki, tərəflər beynəlxalq humanitar hüquq çərçivəsində mülki əhalini və mülki infrastrukturu qorumaq öhdəliyi daşıyırlar”, - sözçü bildirib. 

Ukraynadakı humanitar yardım koordinatoru Osnat Lubrani də Kremençukun mərkəzindəki hücuma istinad edərək, qurbanların sayının hələlik məlum olmadığını, lakin "ticarət mərkəzində yüzlərlə insanın olduğu bildirilir" deyib. 

“Bu, Rusiyanın Ukraynaya qarşı müharibəsinin ölkədəki insanlara gətirdiyi kütləvi iztirabların daha bir nümunəsidir. Həftə sonu biz Ukraynanın bir neçə bölgəsində mülki infrastruktura növbəti dəfə zərbə vuran yeni hava zərbələri və atəş dalğası barədə narahatedici xəbərlər aldıq. Çoxlu sayda mülki şəxs həlak olub və ya yaralanıb, evlər, tibb müəssisələri və digər mülki infrastruktura ziyan dəyib”, Osnat Lubrani bildirib. 

O, BMT-nin mülki şəxslərə qarşı hücumları qətiyyətlə pislədiyini bildirib. BMT sözçüsü deyib: “Mən müstəqil araşdırma aparmağa və günahkarların məsuliyyətə cəlb olunmasına çağırıram”.


Oxunma sayı: 2267

Oxşar yazılar