Stoltenberq: İsveç, Finlandiya və Türkiyə təhlükəsizlik sazişi üzərində işləyir

  • 12:09 - 28 İyun

NATO-nun himayəsi altında İsveç, Finlandiya və Türkiyə hazırda təhlükəsizlik sazişi üzərində işləyir. 

Avropa.info xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə İsveçin baş naziri Maqdalena Anderssonla birgə mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, sənəddə silah ixracı və terrorizmlə mübarizə kimi məsələlər yer alacaq. 

“İndi biz İsveç, Finlandiya və müttəfiqimiz Türkiyə arasında silah ixracı və terrorla mübarizə də daxil olmaqla, təhlükəsizlik məsələlərinin həlli istiqamətində davam edən səylərin bir hissəsi kimi saziş üzərində işləyirik”, - Stoltenberq xüsusilə qeyd edib. 

O vurğulayıb ki, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyi ilə bağlı Türkiyənin narahatlığı haqlıdır və nəzərə alınmalıdır. 

Stoltenberq qeyd edib ki, “müttəfiqlərdən heç biri PKK terror təşkilatı da daxil olmaqla terrorçuların əlindən daha çox əziyyət çəkməyib”. 

Finlandiya və İsveç mayın 18-də NATO-ya üzvlük üçün rəsmi müraciət ediblər. 

Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Helsinki və Stokholm bloka qoşulmaq niyyətində olduqlarını bəyan ediblər. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya daxil olmasına razılıq verə bilməz, çünki bu ölkələr terror təşkilatlarına rəvac verir və Türkiyəyə qarşı sanksiyalar tətbiq edir. 

Türkiyə dövlətinin başçısı onu da qeyd edib ki, bu ölkələrin heç birinin terror təşkilatları ilə bağlı dəqiq və birmənalı mövqeyi yoxdur.


Oxunma sayı: 2564

Oxşar yazılar