Dövlət başçısı: "AXC-Müsavat hakimiyyəti talançılıqla, soyğunçuluqla məşğul olurdu, orduya, ordu təchizatına fikir vermirdi"

  • 11:15 - 27 İyun

"AXC-Müsavat hakimiyyəti talançılıqla, soyğunçuluqla məşğul olurdu, orduya, ordu təchizatına fikir vermirdi, bu bölgədə yaşayan insanlara fikir vermirdi, onlara biganə yanaşırdı və Kəlbəcər işğal altına düşdü".

Avropa.info xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə deyib.

"Bu gün Ordu Gününü Kəlbəcərdə qeyd etməklə biz hamımız qürur hissi keçiririk. Kəlbəcər 1993-cü ilin aprel ayında işğal altına düşmüşdü. O vaxt hakimiyyətdə olan AXC-Müsavat xəyanətkar cütlüyü Kəlbəcəri nəinki müdafiə etmirdi, hətta Kəlbəcəri qurban verməyə hazır idi, bunu da etdi. Ondan əvvəl Laçın və Şuşa işğal altına düşdü və Kəlbəcərin işğal altına düşməsi ermənilərin planlarında idi. AXC-Müsavat hakimiyyəti talançılıqla, soyğunçuluqla məşğul olurdu, orduya, ordu təchizatına fikir vermirdi, bu bölgədə yaşayan insanlara fikir vermirdi, onlara biganə yanaşırdı və Kəlbəcər işğal altına düşdü. Beləliklə, Ermənistan öz arzularına, çoxəsrlik arzularına çatdı ki, Qarabağla, - o zaman “Dağlıq Qarabağ” adlandırılırdı, - bu bölgə ilə Ermənistan arasında canlı bağlantı olsun. Kəlbəcər, Laçın dağları bu bağlantının qabağını almışdı. Kəlbəcərin itirilməsi strateji nöqteyi-nəzərdən böyük faciə idi. Eyni zamanda, burada yaşayan insanların bir çoxu ermənilər tərəfindən öldürülüb, buradan çıxa bilən insanların bir çoxu Murov dağlarında donub və həyatlarını itirib. İndi buraya gələn hər bir insan Murov dağını aşaraq görür ki, nə qədər çətin yoldur, daim dumanlı yoldur və bu gün səhər mən oradan keçmişəm - yağış, duman. İnsanlar aprelin əvvəllərində o qarlı, şaxtalı havada oradan ayaqyalın keçməyə məcbur idilər. Onlara yolda da işgəncələr verildi, pusqular quruldu. Mənfur düşmən tərəfindən dinc əhali öldürüldü. Hərbi cinayətkarlar – Sarkisyan, Köçəryan bunu törətdilər: İkinci Qarabağ müharibəsi dövründə Xankəndiyə gəlmişdilər, guya orada müqavimət göstərəcəklər. Dovşan kimi, fərari kimi qaçdılar oradan. Ona görə Kəlbəcərin itirilməsi müharibənin ondan sonrakı gedişatına da əlbəttə ki, mənfi təsir göstərmişdi", - Prezident vurğulayıb. 


Oxunma sayı: 3873

Oxşar yazılar