Azərbaycan Ordusunun yaradılmasından 104 il ötür

  • 10:25 - 26 İyun


 

 

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür.

Avropa.info xəbər verir ki, Silahlı Qüvvələrin yaradılmasından 104 il ötür.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.

Azərbaycanda müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlanıb. 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını hədəf seçib və bununla da Azərbaycanda ordu quruculuğuna start verilib. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Görülən işlər gənclərin həmin məktəbə, habelə ölkədən kənardakı hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar kadrların hazırlanması işinə böyük təkan verib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi.

Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. 1992-ci il oktyabrın 9-da Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı, eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan addım oldu.

Ölkədə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Belə ki, Azərbaycanda qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq yaradıldı, hərc-mərcliyə son qoyuldu və nizami ordu yaradıldı. Cəbhə bölgələrinə gedən Ali Baş Komandan Heydər Əliyev atəşkəsə nail oldu. Bundan sonra isə müasir ordu quruculuğu fundamental əsaslarla inkişaf etməyə başlayıb.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atılıb və 26 iyun - Silahlı Qüvvələr Günü elan olunub.

Ordu quruculuğu sahəsində ulu öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, silahlı qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir.

Keçmişi qələbələrlə zəngin olan Azərbaycan tarixində Silahlı Qüvvələrin yaradılması günü böyük Zəfərlə qeyd olunur.

Belə ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlatdığı əks-hücum əməliyyatları nəticəsində düşmən üzərində qələbə qazanıldı. Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən müharibəsi adı ilə düşdü. Döyüş tapşırıqlarını və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirən Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi cəsarət, fədakarlıq, habelə təşəbbüskar və qətiyyəti sayəsində işğal altında torpaqlarımız azad olundu və Azərbaycanın ərazi bütövlüyü təmin olundu.

Azərbaycan əsgəri otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqları işğaldan azad etməklə xalqa öz qanı və canı hesabına böyük qələbə yaşadıb. Müdafiə Nazirliyinin iyunun 14-nə olan məlumatına əsasən, Silahlı Qüvvələrin Vətən müharibəsində şəhid olaraq dəfn edilən hərbi qulluqçularının sayı 2 904 nəfərdir.

Azərbaycan xalqının, dövlətinin və əsgərinin birlikdə qazandığı böyük qələbə uzun illər ordu quruculuğu istiqamətində aparılan islahatların nəticəsidir. Azərbaycanın qazandığı bu qələbə nəyi, necə və nə zaman etməyi gözəl bilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin, güclü iradəsinin və qətiyyətinin nəticəsidir.


Oxunma sayı: 3422

Oxşar yazılar