Rusiya-Ukrayna müharibəsi: Qanlı savaşın 120-ci günü

  • 14:31 - 23 İyun

Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin başlamasından 4 ay keçir. 

Avropa.info xatırladır ki, 2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin televiziya ilə çıxışında Ukraynanın şərqindəki Donbasda xüsusi hərbi əməliyyata başlandığını, bundan sonra Rusiya ordusunun Ukrayna ərazisini işğal etdiyini elan edib. 

Müharibənin dörd ayı ərzində hərbi əməliyyatların xəritəsi əhəmiyyətli dəyişikliklərə məruz qalıb. 

Ukraynanın Azov dənizinə çıxışını bağlayan Rusiya ordusu buna baxmayaraq, Ukrayna Silahlı Qüvvələrini məğlub edə bilməyib. 

Mariupoldan sonra rus qoşunları səylərini Ukraynanın Nikolayev və Odessa vilayətlərində cəmləşdirib. 

Rusiya Silahlı Qüvvələri heç bir uğur əldə etmədən Ukraynanın Qara dənizlə əlaqəsini kəsmək üçün Ukraynanın cənub sahilləri boyunca hücum əməliyyatını inkişaf etdirməyə çalışır. Rus qoşunlarının cənubda irəliləməsi səngiməkdədir. 

Bu arada Ukrayna prezidenti Vladimir Zelenski ölkədə 1000-dən çox yaşayış məntəqəsinin azad edildiyini açıqlayıb. 

Onun sözlərinə görə, Ukraynada mülki hədəflərə hər gün 10-15 raket zərbəsi endirilir. 

Eyni zamanda, son həftələrin əsas döyüşləri Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrinin inadkar müqaviməti ilə üzləşdiyi Ukraynanın şərqində gedir. 

Xüsusilə strateji əhəmiyyətli Severodonetsk şəhərində şiddətli küçə döyüşləri gedir. 

Rusiya komandanlığının iddialarının əksinə olaraq, Severodonetskdəki “Azot” zavodunun ərazisinə Ukrayna qoşunları nəzarət edir. 

Severodonetsk üzərində tam nəzarətin əldə olunacağı təqdirdə Rusiya ordusu Ukraynanın Luqansk və Donets vilayətlərinin inzibati sərhədlərinə çıxışı hədəfə ala biləcək. 

BMT-nin məlumatına görə, fevralın 24-dən iyunun 21-dək Ukraynadan gələn qaçqınların sayı 7 milyon 917 min 190 nəfərə çatıb. Ən çox qaçqını Polşa qəbul edib - təxminən 4 milyon. 

Ukraynadakı hərbi əməliyyatlar fonunda atəşkəs əldə etmək üçün diplomatik səylər göstərilib. 

Belə ki, Rusiya və Ukrayna nümayəndə heyətləri dörd dəfə üzbəüz danışıqlar aparıblar: üçü Belarusda, biri isə Türkiyədə. 

İki ölkənin nümayəndə heyətləri arasında danışıqların sonuncu raundu Türkiyənin vasitəçiliyi və prezident Rəcəb Tayyib Ərdoğanın səyləri sayəsində martın 29-da İstanbulda baş tutub. 

Ukrayna tərəfi gələcəkdə mümkün sazişin çərçivə prinsiplərinin mətnini ruslara təhvil verib. Lakin tezliklə rus qoşunlarının çıxarıldığı Kiyev vilayətində baş verən faciəli hadisələr fonunda vəziyyət dəyişdi və danışıqlar dayandırılıb. 

May ayından tərəflər bir-birini danışıqları dayandırmaqda ittiham edir. Bu günə qədər dialoqda heç bir irəliləyiş yoxdur. 

Ukraynadakı hərbi vəziyyət də ərzaq böhranına səbəb olub. Ukraynanın bağlanmış limanlarında 70-dən çox gəmi dayanıb, burada da 20 milyon tondan çox taxıl yığılıb. 

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda Rusiya tərəfi də Qara dənizdən gəmiçiliklə bağlı problemlərlə üzləşib. 

Türkiyə və BMT-nin səyləri sayəsində taxıl böhranının aradan qaldırılması ilə bağlı aparılan danışıqlar müsbət nəticə verir. 

Yaxın həftələrdə bir neçə ölkədə aclığın qarşısını alacaq taxıl böhranının həlli üçün İstanbulda dördtərəfli görüşün keçirilməsi planlaşdırılır. 

Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin taxıl ixracına dair yol xəritəsinin detallarını müzakirə edəcəyi gözlənilir.


Oxunma sayı: 958

Oxşar yazılar