Ukraynadan Rusiyaya qəfil gecə HÜCUMU: Rus qoşunları Qara dənizdəki məşhur adada böyük itkilər verdi – FOTO

  • 00:18 - 23 İyun

Fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərində məşhur olan Qara dənizdəki İlan adası yenidən müharibənin ən qaynar mövzularından birinə çevrilib.

100 hektarlıq İlan adası Qara dənizdə Ukraynanın cənub sahillərindən təxminən 80 mil məsafədə yerləşir. Ada müharibənin hər iki tərəfi üçün strateji əhəmiyyətə malikdir. Rusiya adanı müharibənin ilk günlərində ələ keçirib və indiyə qədər onu böyük ölçüdə əlində saxlaya bilib.

Avropa.info xəbər verir ki, Ukrayna ordusu adanı azad etmək üçün qəfil gecə əməliyyatına başlayıb.

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukrayna ordusunun Qara dənizdəki İlan adasında əməliyyat keçirdiyini təsdiqləsə də, Rusiya ordusunun hücumu dəf etdiyini iddia edib.

Ukraynanın yaydığı videolarda döyüş təyyarələrinin adadakı hədəfləri vurduğu görünür.

Rusiya Ukrayna hərbi birləşmələrinin adaya enişdən vaz keçdiyini iddia etsə də, Ukrayna Cənub Əməliyyat Komandanlığı Rusiya qarnizonuna hücumla Qara dənizdə böyük qələbə qazandıqlarını və rus qoşunlarının böyük itkilərlə üzləşdiyini açıqlayıb.

Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəhbəri Nataliya Qumenyuk yerli mətbuata açıqlamasında İlan adasındakı əməliyyatın davam etdiyini bildirib: “Biz bilirik ki, "Panantsir" tipli zenit-raket kompleksi o qədər zədələnib ki, tamamilə dağıdıldı və radiolokasiya stansiyası sıradan çıxdı”. 

Bu gün adadan çəkilmiş peyk görüntüləri də Kiyevin dediklərini təsdiqləyir. "Maxar" şirkəti tərəfindən yayımlanan peyk görüntüləri adada geniş dağıntıları ortaya qoyub. 

Ukrayna Ordusu Rusiya sursat, silah və əsgərləri daşıyan gəminin Qara dənizdə raketlərlə vurulduğunu açıqlayıb. Ukrayna Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada Rusiya gəmisində “TOR” hava hücumundan müdafiə raket kompleksinin olduğu qeyd edilib.

Rusiyanın Ukraynaya hücumlarının ilk günlərində İlan adasını əhatə edən rus əsgərləri adadakı 13 ukraynalı əsgərə “təslim olun” çağırışı edib. 

Roman Qribov adlı əsgər isə götürdüyü radiostansiya ilə rus əsgərlərinə təslim olmayacaqlarını bildirib. 

Rus əsgərləri gözlənilmədən sərt cavab alıblar: təhqiramiz "Çıx get!" 

Bunun üzərinə ruslar adaya hücum edərək 13 əsgəri əsir götürüblər. 

İlan adasında baş verən hadisələr müharibənin davam etməsi ilə Rusiyanın Ukraynadakı işğalının simvollarından birinə çevrilib və Ukrayna hökuməti bu əsgərlərə şücaət medalları verməklə kifayətlənməyib, hadisəni əbədiləşdirən markalar buraxıb.


Oxunma sayı: 1211

Oxşar yazılar