JTI Şirkətinin Azərbaycan nümayəndəliyi “Sobranie” siqaretlərinin qıtlaşmasının səbəbi ilə bağlı AÇIQLAMA YAYDI

  • 19:59 - 21 İyun

Dünyanın aparıcı siqaret istehsalçılarından olan JTI Şirkətinin Azərbaycan nümayəndəliyi açıqlama yayıb. 

Şirkətdən Avropa.info-ya daxil olan müraciətdə bildirilir: 

"Bir sıra saytlarda 21 iyun 2022-ci il tarixində “Ukrayna Azərbaycanı məhkəməyə verib” başlığı altında həqiqəti əks etdirməyən yazı dərc edilib.

Yazıda “Japan Tobacco İnternational” Ukrayna şirkəti kimi qələmə verilməklə yanaşı, şirkətə məxsus olan “Sobranie” siqaretlərinin istehsal patentinin ödənilməməsi ilə bağlı əsassız iddialar irəli sürülüb.

Bundan əlavə, yazıda “Sobranie” brendinin ölkə üzrə əlçatanlığı ilə bağlı yaranmış müvəqqəti çətinlikləri bu proseslə əlaqələndirməyə cəhd edilib. 

"Bununla bağlı bildirmək istərdik ki, “JTİ” Azərbaycan və “Tabaterra QSC” şirkətləri arasındakı əməkdaşlıq dayanıqlı, uzunmüddətli və qarşılıqlı inam modeli üzərində qurulub. İki şirkət arasındakı maliyyə münasibətlərinin tənzimlənməsi də bu modelin ən gözəl nümunəsidir. JTİ Tabaterra ilə əməkdaşlıq dövrü ərzində ödənişlərlə bağlı heç bir çətinlik yaşamamaqla yanaşı, partnyor şirkətə qarşı heç bir iddia da qaldırmayıb.  

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, “Sobranie” və JTİ şirkətinə məxsus digər brendlər lisenziya əsasında “Tabaterra QSC” şirkəti tərəfindən Azərbaycanda istehsal olunur və  məhsullarımızın istehsalı üçün tələb olunan xammallar Ukraynadakı fabriklərimizdən təchiz olunurdu. Lakin Ukraynada başlayan müharibə səbəbindən qeyd olunan xammalların Tabaterra fabrikinə təchizatı mart ayından etibarən regionda yerləşən digər ölkələrdən, əsasən Türkiyədən həyata keçirilməkdədir.  

Regionda davam edən müharibə səbəbindən dünyada logistika sahəsində çətinliklər yaşanmaqdadır və bu səbəbdən brendlərimizin xammallarının təchizat ölkəsi üzrə dəyişiklik prosesi daha çox vaxt tələb edib. 

Partnyorumuz Tabaterra ilə birlikdə təchizat zəncirinin və istehsal prosesinin tam olaraq bərpa edilməsi üçün bütün gücümüzü səfərbər etmişik və yaxın zamanlarda ölkə üzrə JTİ brendlərinin təminatı ilə bağlı çətinlik tam olaraq aradan qaldırılacaq",-deyə məlumatda bildirilib".


Oxunma sayı: 3829

Oxşar yazılar