Dövlət büdcəsində artırılacaq vəsaitin hansı istiqamətlərdə xərclənəcəyi açıqlandı

  • 12:42 - 20 İyun

Azərbaycanın 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik nəticəsində formalaşacaq 2 milyard 986 milyon manat vəsaitin hansı istiqamətlərdə xərclənəcəyi açıqlanıb.

Avropa.info Trend-ə istinadən bildirir ki, maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib ki, bu vəsaitin əsasən aşağıdakı prioritet vəzifələrin maliyyə təminatına yönəldilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı layihələrin, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsinə 1 milyard 447 milyon manat, Vətən müharibəsi zamanı ölkənin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması və digər yaşayış məntəqələri üzrə tədbirlərin maliyyələşdirilməsinə 34 milyon manat, müdafiə qabiliyyəti və hərbi qüdrətin daha da artırılması, milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi üzrə 588 milyon manat, sosial müdafiə sahəsində, o cümlədən cari il ərzində götürülən sosial öhdəliklərin, əmək pensiyaları üzrə maddi yardımların, əmək haqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsinə 519 milyon manat, ərzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsinə 193 milyon manat, sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsinə 163 milyon manat, bir sıra zəruri kommunal və kommunikasiya xərclərinin təmin edilməsi üzrə 42 milyon manat ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, 2022-ci ilin yenidən baxılmış dövlət büdcəsinin xərcləri 32 milyard 304 milyon manat məbləğində nəzərdə tutulur. Bu, təsdiq olunmuş büdcədən 2 milyard 425 milyon manat və ya 8,1 faiz çoxdur.


Oxunma sayı: 4313

Oxşar yazılar