Baş Prokurorluğun sabiq müstəntiqindən şok açıqlamalar : "Mən oğrudan oğruya, quldurdan quldura şikayət etmək məcburiyyətində idim"

  • 00:28 - 07 İyun

Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Məni girov götürüb atamdan 370 min dollar aldılar!

İyunun 6-da keçirilən prosesdə zərərçəkən Bahəddin Sultanovun oğlu İntiqam Sultanov şahid qismində ifadə verib.  Məlum olub ki, 2009-cu ilin əvvəllərində təqsirləndirilən şəxs Vüsal Ələkbərov İntiqam Sultanovu istintaqa dəvət edib. Ondan “Texnikabank” ASC-nin Bakı filialından 1 oktyabr 2007-ci il tarixli müqavilə ilə götürülən 1 milyon dollar məbləğində kreditlə maraqlanıb. İntiqam Sultanovu həbs etməmək müqabilində onun atası Bahəddin Abdulla oğlu Sultanovdan əvvəlcə 1 milyon dollar tələb edib. Bahəddin Sultanov bildirib ki, oğlunun hər hansı bir cinayəti yoxdur, bu səbəbdən də tələb olunan vəsaiti ödəməyəcək. Çünki faktiki olaraq krediti gecikməsi səbəbindən almayıblar. Kredit götürlməmiş bağlanıb. Kredit müqabilində qoyulan girov da ona qaytarılıb. O zaman Bahəddin Sultanovun bu izahatı Vüsal Ələkbərovun xoşuna gəlməyib. Bahəddin Sultanova deyib ki, oğlunu da, özünü də həbs edəcəklər, o zaman pulu tez bir zamanda ödəyəcək. Belə də olub. 16 iyun 2009-cu ildə İntiqam Sultanova Cinayət Məcəlləsinin mənimsəmə və sənədləri saxtalaşdırma maddələri ilə ittiham elan edilib. Bundan sonra barəsində həbs qəti imkan tədbiri seçilib. İntiqam Sultanov məhkəmədə deyib ki, onu faktiki olaraq girov götürüblər və atasından azad edilməsi üçün pul tələb ediblər. Bahəddin Sultanovun oğlunun həbsindən sonra Vüsal Ələkbərov ona deyib ki, tələb olunan pulu verməsə, rəhbərliyin göstərişi var ki, onun özünü də həbs etsinlər. Bahəddin Sultanovun özünü də 1 gün MTN-də, Vüsal Ələkbərovun xidməti otağında girov saxlayıblar. Vüsal Ələkbərov Bahəddin Sultanova deyib ki, tələb olunan pulu ödəyəndən dərhal sonra onun özünü, 1 gün sonra isə oğlunu da azad edəcəklər. Bahəddin Sultanov 370 min dollar ödəməyə razılaşıb. Vüsal Ələkbərov ona telefon verərək qardaşı ilə danışmasına şərait yaradıb. Bahəddin Sultanov qardaşına deyib ki, 370 min dollar hazırlayıb MTN-ə gətirib Vüsal Ələkbərova çatdırsınlar. İntiqam Sultanov deyib ki, həbsdə olduğu zaman əmisi Mirzə Paşayev və dostu Əsgər İbrahimov MTN binasında, Vüsal Ələkbərov xidməti otağında sonuncu ilə görüşərək onun tələb etdiyi məbləğdən 360 min dolları veriblər. Yerdə qalan 10 min dolları isə Bahəddin Sultanov azad ediləndən sonra elə həmin gün Vüsal Ələkbərovla onun evinin yaxınlığında - İ.Qutqaşınlı küçəsi, 8 saylı evin qarşısında verib.

Şahid deyib ki, bundan 1 gün sonra onun barəsindəki həbs qəti-imkan tədbiri dəyişdirilib və o, azad olunub.

Vüsal Ələkbərovun Bakı Hərbi Məhkəməsinə 2-ci “dövrəsi”

Qeyd edək ki, Vüsal Ələkbərov 2-ci dəfədir ki, məhkəmə qarşısına çıxarılır. 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin 10 iyul 2017-ci il tarixli hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum olunub. Həmin hökmlə Vüsal Ələkbərovun MTN-in istintaq idarəsinin dövləti cinayətlərin araşdırılması şöbəsinin rəisi vəzifəsini daşıyarkən mütəşəkkil dəstə tərkibində Bahəddin Sultanov və digərilərinə qarşı qanunsuz əməlləri törətməsi tam sübuta yetirilib.  

Şahid Vüsal Ələkbərova 360 min dolları MTN-də, xidməti otağında verdiklərini təsdiqləyib

Şahid Əsgər İbrahimov Bahəddin və İntiqam Sultanovların qanunsuz həbsi, pul alınandan sonra azad edilmələri epizodu üzrə ifadə verib. O, Bahəddin Sultanovun qardaşı Mirzə Paşayevlə birgə 360 min dolları MTN-də, xidməti otağında Vüsal Ələkbərova verdiklərini təsdiqləyib.

vusal.jpg (84 KB)

1 milyon verməsəz, həbsə gedəcəksiz!

Hazırda həbsdə olan Rauf Kərimov məhkəmədə zərərçəkən qismində sərbəst ifadə verib. Onun sözlərindən məlum olub ki, 2000-ci ilədək prokurorluq orqanlarında çalışıb. Öz ərizəsi əsasında işdən çıxaraq sərbəst biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb. 2002-2003-cü illərdə Türkiyə vətəndaşı, Bakıda tanınmış iş adamı Əli Evsendən sonuncunun işçisi İlqar Həsənovun adına sənədləşmiş “Çinar” dükanını, qaynının adına olan 1 saylı hamamı, 1 saylı taksi parkının ərazisini, “Kosmos” adlı mağazanı, hazırki “Kral” mebel dükanını və İçərişəhər ərazisində 4 mərtəbəli yaşayış binasını, “Bakı” mehmanxanasını satın alıb. Bundan sonra  sement satışı ilə məşğul olmaq üçün 120 ədəd “Kamaz”  alaraq Qaradağ sement zavodundan Bakı və ətraf ərazilərdəki mağazalara və tikinti obyektlərinə sementin daşınmasını təşkil edib. Daşıma işi ilə əlaqədar 2008-ci ildə Cavidan Hacıyevlə tanış olub. Onunla birlikdə işləyib özlərinə məxsus “Bəzz”, “Sağlam rəqabət”, “Faktum”, “İnter Alyans” şirkətləri vasitəsi ilə fəaliyyət göstəriblər. Biznesin inkişafı üçün 30 dekabr 2008-ci ildə şirkətlərin adından müvafiq girovları, eləcə də ona məxsus “Bakı” mehmanxanasını girov qoymaqla “Texnikabank”dan 30 milyon manat məbləğində uzunmüddətli kredit götürüblər. 2009-2011-ci illər ərzində həmin banka götürülən kreditin həcmindən artıq məbləğdə ödənişləri həyata keçiriblər. 2012-ci ilin mart ayının ortalarında “Texnikabank”ın rəhbəri Etibar Əliyev MTN tərəfindən həbsə alındıqdan sonra həmin ilin may ayında MTN İstintaq Baş İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov Cavidanı və onu MTN-nə çağırıb. Cavidan Türkiyədə olduğuna görə o, MTN-nə tək gedib.

Zərərçəkənin sözlərindən aydın olub ki, may-iyun ayları ərzində Vüsal Ələkbərov demək olar ki, hər gün onu MTN-nə çağırıb, öz xidməti otağında ondan “Texnikabank” ASC-dən krediti necə, kimin vasitəsilə götürdükləri, Etibar Əliyevə rüşvət verib-vermədikləri, krediti nəyə xərclədikləri barədə ifadələr alıb. Söhbət zamanı ancaq eyni qaydada, yəni guya ki, “Texnikabank”dan götürdükləri 30 milyon krediti təyinatı üzrə istifadə etmədiklərinə görə həbs edilmək təhlükəsi ilə hədələyib. Cavidan ölkəyə qayıdandan sonra Vüsal Ələkbərov onların ikisini birlikdə MTN-nə çağırıb həbs olunmamaq müqabilində onlardan 1 milyon manat pul tələb edib.

e13efa8c-82fe-40a9-8e9a-018d2b739129.jpg (139 KB)

Zərərçəkən deyib ki, Vüsal Ələkbərov onlarla söhbət apararkən 1 milyon pulun Mövlam Şıxəliyev tərəfindən tələb olunduğunu bildirib.

“Bu məsələlər hamısı məruzə olunub, son söz deyilib, 1 milyon manatı çatdırmalısız”

Vüsal Ələkbərov onları Təhsin Ağayevin qəbuluna aparıb. Təhsin Ağayev də onlardan 1 milyon manat tələb edib. Bunu rəisinin göstərişi ilə tələb etdiyini deyıb.

Zərərçəkən deyib ki, şəriki ilə bərabər Vüsal Ələkbərovla Təhsin Ağayevin tələbi ilə razılaşmaq məcburiyyətində qalıblar. Lakin pulu deyilən vaxt vermədiklərindən yenidən MTN-ə çağırıblar. Bu dəfə Təhsin Ağayev onu Vüsal Ələkbərovun otağından özü ilə Mövlam Şixəliyevin otağına aparıb. Cavidan isə Vüsalın otağında qalıb. Zərərçəkənin sərbəst ifadəsindən göstərib ki, otaqda Mövlam Şıxəliyevə deyib ki, məsələsini həll etmək üçün Eldar Mahmudova xahişə çıxacaqlar. Mövlam Şıxəliyev də cavab olaraq bildirib ki, “bu məsələlər hamısı məruzə olunub, son söz deyilib, 1 milyon manatı çatdırmalısız”.

movlam.jpg (101 KB)

“Sabah vəkillərinizlə gəlin, həbs olunacaqsınız”

Bundan sonra Rauf Kərimov Mövlam Şıxəliyevə “Texnikabank”la münasibətlərini ətraflı izah edib, məhkəmənin qərarını gözləməyi istəyib. Mövlam Şıxəliyev isə ona deyib ki, “sabah vəkillərinizlə gəlin, həbs olunacaqsınız”. Zərərçəkən məhkəmədə deyib ki, bundan sonra o, demək olar ki, danışmayıb və Təhsin Ağayev onu Vüsal Ələkbərovun otağına aparıb. O, Vüsal Ələkbərovun otağında Cavidana bildirib ki, tələb olunan pulu verməsələr həbs olunacaqlar.

Həmin dalğa, həmin koordinat!

Bundan sonra Rauf Kərimovla şəriki Vüsal Ələkbərovdan vaxt istəyiblər. Banklardan kredit götürməklə hissə-hissə 1 milyon manat pulu Təhsin Ağayevlə Vüsal Ələkbərova veriblər. Zərərçəkən bildirib ki, pullar bütün hallarda MTN-nin inzibati binasının arxa girişinin qarşısında və MTN-nin poliklinikasının qarşısında verilib.

Zərərçəkən deyib ki, 27 mart 2014-cü ildə Baş  Prokurorluq onu və Cavidanı “Texnikabank” ASC-yə olan kredit borclarına görə həbs edib. Lakin Baş Prokurorluq tərəfindən istintaq aparılanda MTN-də onların barəsində heç bir sənədləşmə aparılmadığı müəyyən olunub. Zərərçəkən deyib ki, Vüsal Ələkbərov onu dəfələrlə dindirib və sənədlərə imza atdırıb. Rauf Kərimov deyib ki, onun  və şəriki Cavidanın əməllərində hər hansı cinayət olmadığını Vüsal Ələkbərov, Təhsin  Ağayev və Mövlam Şixəliyev yaxşı biliblər. Buna görə də məqsədli şəkildə onların qeydiyyatsız olaraq MTN-in inzibati binasına girişini təşkil ediblər. Zərərçəkən deyib ki, onlara qarşı MTN-də baş vermiş cinayət müflisləşmələrinə gətirib çıxarıb.

Qohumlardan pul toplamaqla 200 min manatı düzəldərək aparıb MTN-ə verib!

Bundan sonra zərərçəkən Mehrac Qurbanovdan 200 min manat alınması, “Texnikabank”da olan 623 min avro məbləğində əmanətinin mənimsənilməsi epizodu üzrə şahid qismində Mahir Qurbanov ifadə verib.  Deyib ki, əmisi Mehrac Qurbanov MTN tərəfindən tutularaq ondan 200 min manat alınıb. MTN binasından əmisi onun maşınında evə gəlib və mal-qarasını satmaqla, qohumlardan pul toplamaqla 200 min manatı düzəldərək aparıb MTN-ə verib.

Bundan sonra iş üzrə zərərçəkən Zaur Əliyev sərbəst ifadə verib. O, məhkəmə prosesinə özü ilə 1 böyük çanta sənəd gətirib. Keçmiş müstəntiq olan Zaur Əliyev hakim heyətinin diqqətinə çatdırıb ki, illərdir ki, bu məhkəmə prosesinin baş tutmasını gözləyib. Ona qarşı baş vermiş cinayətlə bağlı topladığı sənədləri göstərərək 4 cilddən ibarət hazır cinayət işi olduğunu vurğulayıb. 

Deyib ki, 8 aydır davam edən məhkəmədə Mövlam Şıxəliyev və başının dəstəsinin  cinayətləri sübut olunub:

-Diqqətinizə çatdırıram ki, ibtidai istintaqa verdiyim ifadədən imtina edirəm. İmtinam səbəbsiz deyil və əsaslıdır. Hazırda məhkəmədə verdiyim ifadəni əsas götürməyinizi xahiş edirəm. İbtidai istintaqda dindirildiyim vaxt bu gün məhkəmə qarşısına çıxarılan mütəşəkkil cinayətkar quldur dəstənin aktiv himayəçilərindən olan Zakir Qaralov baş prokuror, Rüstəm Usubov isə onun 1-ci müavini idi. Mövlam Şıxəliyev, bu gün məhkəmə qarşısında olan dəstə üzvlərini himayə edirdilər.

sahib.jpg (30 KB)

“Mən oğrudan oğruya, quldurdan quldura şikayət etmək məcburiyyətində idim”

Həmin vaxt mən oğrudan oğruya, quldurdan quldura şikayət etmək məcburiyyətində idim. Düşünürdüm ki, şikayətimi edim, iş məhkəməyə gedib çıxınca Zakir Qaralovla Rüstəm Usubov tutduqları vəzifədən gedərlər, üzləşdiyim cinayətlər barədə məhkəmədə ətraflı məlumat verərəm. Belə də oldu. Möhtərəm cənab prezident MTN-dəki çirkaba bulaşmış Zakir Qaralovla Rüstəm Usubovu  vəzifədən uzaqlaşdırdı.

“Aparılan cinayət işi yeganə bir məqsədə yönəlmişdi: cinayətləri gizlətmək və cinayətkarları məsuliyyətdən yayındırmaq”

Bu iş üzrə Zakir Qaralov və Rüstəm Usubovun rəhbərliyi altında aparılan cinayət işi yeganə bir məqsədə yönəlmişdi: cinayətləri gizlətmək və cinayətkarları məsuliyyətdən yayındırmaq. Belə ki, ibtidai istintaqın ilkin mərhələsində mən və digər şikayətçilər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindiriləndən sonra birbaşa barəmizdə təkrar məhkəmə tibbi ekspertiza təyin olundu. Bizi təkrarən “Semaşko” adlanan tibbi müəssisədə müayinədən kecirdilər. Məqsəd isə MTN-də barələrimizdə təyin olunub və alınan saxta ekspert rəylərini təsdiqləmək idi. Buna dair göstərişi Zakir Qaralov şəxsən özü vermişdi. Sonradan belə də oldu. Məni tibbi müayinədən keçirdilər və barəmdə MTN-də alınan saxta rəyə uyğun rəy aldılar. Guya barəmdə MTN İstintaq İdarəsində qondarma cinayət işi üzrə seçilmiş həbs qəti-imkan tədbiri və sonradan onun dəyişdirilməsi qanun çərçivəsində həyata keçirilib.

Zərərçəkənin ifadəsi geniş olduğundan iyunun 7-nə təyin olunan prosesdə davam etməsi qərara alınıb.

musavat.com


Oxunma sayı: 67475

Oxşar yazılar