Türkiyə Milli Təhlükəsizlik Şurasından yeni əməliyyat siqnalı : "Keçiriləcək əməliyyatlar qonşularımızın ərazi bütövlüyü və suverenliyini hədəf almır"
- 01:19 - 27 May
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının toplantısı başa çatıb.
Avropa.info xəbər verir ki, Milli Təhlükəsizlik Şurasının açıqlamasında ölkənin cənub sərhədlərində aparılan və ya aparılacaq əməliyyatların qonşuların ərazi bütövlüyünü hədəf almadığı vurğulanıb.
"Cənub sərhədlərimizin terror təhlükəsindən təmizlənməsi məqsədilə hazırda həyata keçirilən və ya keçiriləcək əməliyyatların heç bir şəkildə qonşularımızın ərazi bütövlüyü və suverenliyini hədəf almadığı, əksinə, milli təhlükəsizliyimizin zərurət olduğu, milli təhlükəsizlik ehtiyaclarımızın gərəyi olduğu bildirilib və bu əməliyyatların qonşularımızın sülh və təhlükəsizliyinə ciddi töhfə verəcəyi vurğulanıb. Müttəfiqlik ruhu və qanunlarına sadiqlik prinsipinə uyğun olaraq öhdəliklərini hər zaman yerinə yetirən Türkiyə, müttəfiqlərindən də eyni məsuliyyəti və səmimiyyəti gözləyir və onların davranışlarına son qoyaraq Türkiyənin təhlükəsizlik həssaslığını nəzərə almaları çağırışı edilir.
Yunanıstanın Egey dənizində getdikcə artan təxribatçı hərəkətləri, beynəlxalq hüququ və tərəfdar çıxdığı müqavilələri pozması, əməkdaşlıq anlayışı ilə hərəkətə keçməsi lazım olan ittifaqlardan sui-istifadə etmə səyləri müzakirə edilib və millətimizin hüquq və mənafelərinin qorunmasında qətiyyətli mövqeyindən güzəştə getmədən davam etdiriləcəyi vurğulanıb.
Son dövrlərdə bəzi ölkələrdə islamofobiyanın yenidən dirçəlməsindən narahatlıq ifadə edilib. Müvafiq ölkələrə müqəddəs kitabımız Quranın yandırılması və vətəndaşlarımıza edilən faktiki hücumlar da daxil olmaqla təxribat xarakterli hərəkətlərin görməzdən gəlinməsi və qarşısının alınması öhdəlikləri xatırladılıb", - deyə Milli Təhlükəsizlik Şurasının açıqlamasında qeyd olunur.