Bu gündən “TEKNOFEST Azərbaycan” festivalı BAŞLAYIR

  • 09:02 - 26 May

Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” festivalı keçiriləcək.

Avropa.info xəbər verir ki, “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Türkiyədən kənarda ilk “Teknofest” mayın 26-29-da Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində keçiriləcək.

“Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının təşkilatçıları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.

Tədbirin yüksək səviyyədə təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanaraq AR Nazirlər Kabinetinin müvafiq dərkənarına əsasən icra olunması üçün aidiyyəti qurumlara göndərilib.

Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır.

“Teknofest Azərbaycan” bir sıra komponentlər üzrə təşkil olunur. Bunlara texnologiya müsabiqələri, “Take off Baku” startap sammiti, “Smart Qarabağ” Hakatonu, Türk Dövlətləri Təşkilatının İKT üzrə nazirlər toplantısı, “Rocket League” və “TEKKEN” oyunları üzrə Avropa kuboku, sərgilər, hava şouları, konsertlər və əyləncə attraksionları daxildir.

Qeyd edək ki, “TEKNOFEST” indiyədək 4 dəfə təşkil olunub.


Oxunma sayı: 5105

Oxşar yazılar