Səlcuq Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktoru adı verildi – FOTO

  • 15:11 - 25 May

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru, TEKNOFEST-in İdarə Heyətinin və T3 Fondunun Qəyyumlar Şurasının sədri Səlcuq Bayraktar Azərbaycan Texniki Universitetinin elmlər doktoru fəxri adına layiq görülüb. 

Avropa.info xəbər verir ki, Aviasiya, Kosmonavtika və Texnologiya Festivalında (TEKNOFEST) iştirak etmək üçün Bakıda səfərdə olan Bayraktar Bakı Universitetinin tələbələri ilə görüşüb. 

Tədbirdə Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov, Türkiyənin sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev və elm adamları iştirak ediblər.

Bayraktar tələbələrə Osmanlı dövləti dövründən, Türkiyə Cümhuriyyətinin ilk günlərindən başlayaraq günümüzə qədər aviasiyanın inkişaf tarixindən danışıb. 

O, həmçinin "Baykar"ın 2004-cü ildən istehsal etdiyi pilotsuz uçuş aparatları haqqında da məlumat verib. 

Bayraktar vurğulayıb ki, pilotsuz uçuş aparatları tamamilə Türkiyə müdafiə sənayesinin məhsullarıdır: “Yalnız nə etdiyiniz deyil, məqsədləriniz və ideyalarınız önəmlidir. Əgər sizin hazırladığınız yüksək texnologiyalı məhsullar Qarabağ kimi qanayan yaraları sağaldırsa, deməli, məntiqlidir”. 

Bayraktar Türkiyə xaricində ilk TEKNOFEST üçün hazırlıqların tamamlandığını da bildirib. 

Onun sözlərinə görə, ötən gün 2 “AKINCI” PUA Türkiyənin şimal-qərbindən Bakıya 2000 kilometr uçub:

“Dünən AKINCI Bakı səmasında uçan zaman mənim onları MiQ-29 qırıcısında müşayiət etmək imkanım oldu. Bu mənim uşaqlıq arzum idi. Çox həyəcanlı idi. TEKNOFEST-də çoxlu sürprizlər gözlənilir. Bütün xalqımızı, bütün türk dünyasını, bütün dünyanı TEKNOFEST-ə dəvət edirəm”.


Oxunma sayı: 3004

Oxşar yazılar